Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellər işlənilib

23 Noyabr 2016 - 11:00 | Konfranslar, İclaslar

İnstitutun 2 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin illik hesabatını təqdim edib.  Öncə elmi-tədqiqat işləri haqqında məlumat verən məruzəçi e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi istiqamətində aparılan araşdırmaların nəticələrini diqqətə çatdırıb. E-dövlətin İnternet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi metodu, e-dövlətin informasiya təhlükəsizliyi üzrə  investisiya modeli, e-dövlətin informasiya təhlükəsizliyinə təhdidlərin ranqlaşdırılması modeli, eləcə də informasiya təhlükəsizliyi üzrə (beynəlxalq) koalisiya modelinin işlənildiyini qeyd edib.

Onun sözlərinə görə, hesabat ilində “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə böyük həcmli şəbəkə monitorinqi verilənlərinin effektiv toplanması və saxlanması metodu, böyük həcmli şəbəkə monitorinqi verilənlərinin analizi modeli, böyük həcmli şəbəkə monitorinqi verilənlərinin effektiv saxlanması arxitekturası, irimiqyaslı kompüter şəbəkələrinin monitorinqi metodu işlənmişdir.

Y.İmamverdiyev şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin işlənilməsi mövzusu ilə bağlı şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin konseptual modeli, veb-istifadəçilərin davranış profilinin qurulması metodu, paylanmış DoS hücumların aşkarlanması üçün şəbəkə trafikinin klasterizasiyası metodu və şəbəkə trafikində anomaliyaların aşkarlanması üçün metodun işlənildiyini qeyd edib. Bulud texnologiyalarında informasiya təhlükəsizliyi problemlərinin həlli istiqamətində inamın qiymətləndirilməsi üçün işlənmiş yeni robast modelin təqdim etdiyi nəticələr barədə məlumat verib.

O, həmçinin e-dövlətin informasiya təhlükəsizliyi üçün big data texnologiyalarının, Big data və fərdi məlumatların informasiya təhlükəsizliyi problemləri, elektron kitabxanlarda, e-səhiyyədə informasiya təhlükəsizliyinin aktual problemləri, elektron kitabxanalarda bulud texnologiyalarının tətbiqi problemləri, fərdi tibbi məlumatların onlayn mühitdə təhlükəsizliyi problemləri, o cümlədən elektron sağlamlıq kartlarının buludlaşması üzrə araşdırmaların aparıldığını qeyd edib.

Şöbə rəhbəri elmi-innovasiya fəaliyyəti haqqında da məlumat verərək bildirib ki, cari ildə AzScienceNet İnformasiya Təhlükəsizliyi və Monitorinq  Xidməti üzrə bir sıra işlər yerinə yetirilib, AzScienceCERT-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər görülüb. 

Y.İmamverdiyev hesabat ilində şöbə əməkdaşlarının tanınmış elmi jurnallarda çoxsaylı məqalələrin nəşr olunduğunu diqqətə çatdırıb, həmçinin onların elmmetrik göstəricilərini təqdim edərək əsərlərinə olan istinadlar haqqında  məlumat verib.

Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.