Hava şarı şəklində qeyri-adi robot

21 Noyabr 2016 - 09:00 | Maraqlı məlumatlar
Hava şarı şəklində qeyri-adi robot

Noyabrın 15-17-də Meksikanın paytaxtı Mexikoda keçirilmiş IEEE-in 2016-cı il humanoid robotları (2016 IEEE International Conference on Humanoid Robots) Beynəlxalq konfransında çox sayda yeni robot və robot-texnika sistemi təqdim edilib.

Bu robotlar arasında Los-Ancelesdə yerləşən Kaliforniya Universitetinin “RoMeLa”  laboratoriyasının mütəxəssislərinin hazırladığı BALLU robotu xüsusi marağa səbəb olub.

dailytechinfo.org saytının məlumatına görə, nazik ayaqlar üzərində dayanan robot helium geli ilə doldurulmuş hava şarından ibarətdir. Buna görə də o, yıxılmır – hərəkət edir, hoppanır və bir neçə digər məzəli hərəkətlər edir. Robotun yeganə mənfi cəhəti küləkli günlərdə küçədə öz hərəkətlərini tənzimləyə bilməməsidir. Su səthi üzərində isə robot demək olar ki, adi səth üzərində olduğu kimi hərəkət edə bilir.

Qeyd edək ki, BALLU öz “çiyinləri” üzərində hər hansı ağır yükü daşımaq üçün nəzərdə tutulmayıb.

Hazırda “RoMeLa”  laboratoriyasının mütəxəssisləri bu robotun dördayaqlı variantı üzərində işləyirlər. BALLU robotu isə yaxın gələcəkdə xüsusi hallarda kifayət qədər yüksək maneələr üzərindən tullanmaq kimi bir neçə yeni imkana malik olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.