3D-çap zamanı süni intellektlə təchiz edilmiş robotlardan istifadə olunur.
Bir müddətdən sonra konsert zalı və ya teatr səhnəsi üçün dekorasiyalar ixtisaslaşdırılmış kompüter sistemi tərəfindən hazırlanacaq və robotlar vasitəsilə avtomatik olaraq istehsal ediləcək. Londonda yerləşən “Ai Build” adlı yeni şirkət məhz bu istiqamət üzrə fəaliyyət göstərir. Burada mütəxəssislər süni intellekt və irihəcmli üçölçülü çap texnologiyalarını birləşdirmək üzərində işləyirlər.
dailytech.info saytının məlumatına görə, hazırda mütəxəssislər böyük ölçülərin strukturunu yaratmağa imkan verən, üçölçülü printerə çevirdikləri “Kuka” sənaye robotlarının “əllərindən” istifadə edirlər. Bu robotların əsas xüsusiyyəti ondan ibarətdir ki, onların idarəetmə sistemləri inteqrasiya edilmiş süni intellekt sistemlərinə malikdir. Bu isə onlara öz işlərini daha sürətli və keyfiyyətli yerinə yetirməyə və çapa daha az miqdarda material sərf etməyə imkan verir.
Qeyd olunan üçölçülü çap sistemi robotlara öz səhvləri üzərində öyrənməyə imkan verən dərin maşın təlimi üçün alqoritmlərlə inteqrasiya edilmiş xarici kameralar və kompüterlərdən istifadə edir. Nəticədə “Ai Build” robotları üçölçülü çap strukturlarını çap prosesinin idarə edilməsinin standart metodlarına nisbətən iki dəfə daha sürətli yaratmaq imkanına malik olurlar.
3D-printer vasitəsilə hazırlanan ilk nümunə Amsterdamda keçirilən “GPU Technology Conference” üçün yaradılmış “Daedalus Pavilion” pavilyonudur.
Süni intellektlə təchiz edilmiş robotların yaxın gələcəkdə sənaye, tikinti və digər sahələrdə istifadə olunması nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.