Merilend Universitetinin tədqiqatçılar qrupu görmə qabiliyyəti məhdud şəxslərə adi kitabları “oxumağa” imkan verən miniatür qurğu hazırlayıb.
“HandSight” adlı qurğu tibbi zondlarda istifadə edilən mikroskopik kameradan ibarətdir. Şəhadət barmağına bərkidilən konstruksiya nazik simin köməyilə kompüterə qoşulur.
Oxuma prosesində istifadəçi barmağını kitabın səhifəsi boyunca gəzdirməlidir. Bu zaman mətnə yönəldilmiş kamera təsviri kompüterə translyasiya edir, kompüter isə mətni tanıyaraq səsləndirir. Barmaq sətirə yanlış qoyulduqda kompüter vibromühərriki aktivləşdirir ki, bu da görmə imkanı məhdud şəxsə barmağının vəziyyətini düzəltməkdə kömək edir.
hitech.newsru.com saytının məlumatına görə, yeni qurğu artıq 19 könüllünün iştirak etdiyi ilkin sınaqlardan keçirilib. Test prosesində jurnal və məktəb dərsliyindən bir neçə səhifə “oxumaq” təklif edilib.
Sınaqların nəticələrinə əsasən, sistem tərəfindən mətnin tanınması və səsləndirilməsi sürəti dəqiqədə 63-81 söz təşkil edib. Görmə problemi olmayan insanın orta oxuma sürəti isə dəqiqədə təxminən 200 söz təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.