Amerikanın avtonom avtomobillər üçün proqram təminatının hazırlanması ilə məşğul olan “nuTonomy” startapı Sinqapurda sürücüsüz taksilərin sınaqlarına başlayıb.
Sınaqlarda “Renault Zoe” və “Mitsubishi i-MiEV” markalı 6 sürücüsüz avtomobil iştirak edəcək. Lidar dəstləri ilə təchiz edilmiş avtomobillərin cihaz lövhəsində mümkün maneələri və işıqfor siqnallarının dəyişikliklərini izləyən 2 kamera quraşdırılmışdır.
Avtomobildə sərnişinlərdən başqa, şirkətin iki nümayəndəsi – gözlənilməyən vəziyyətlərdə idarəetməni ələ alan sürücü və bort kompüterlərinin işini izləyən əməkdaş da əyləşəcək.
telekomza.ru saytının məlumatına görə, sınaqlar məhdudlaşdırılmış ərazidə aparılacaq. Taksini mobil proqramın köməyilə çağırmaq mümkün olacaq. İstifadəçilər üçün səyahət ödənişsiz, lakin bəzi məhdudiyyətlərlə olacaq: taksi müəyyən marşrutlar üzrə hərəkət edəcək ki, buna görə də səyahəti yalnız bəzi nöqtələrdə başlamaq və bitirmək mümkün olacaq.
“Sınaqların başa çatma tarixi hələ ki, məlum deyil. Müəyyən müddətdən sonra istifadəçilər xidmət haqqı ödəməli olacaqlar, eyni zamanda şirkət dayanacaqların sayını artıracaq”, – deyə “nuTonomy”nin baş direktoru Karl İaqnem bildirib. O, xidmətin bir neçə ay sonra minlərlə sərnişin üçün əlçatan olacağını söyləyib.
Qeyd edək ki, “nuTonomy” 2018-ci ildə sürücüsüz taksilər üçün nəzərdə tutulmuş parkları istifadəyə verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.