Keçirdiyi xərçəng xəstəliyindən sonra həkimlərin səyi nəticəsində sağalmış pasiyent 54 yaşlı Karlito Konsesayo dünyada 3D-çapın köməyi ilə üz protezi hazırlanan ilk insandır.
Mütəxəssislər xəstənin üzünün şəklini çəkmiş və smartfon proqramından istifadə edərək əməliyyatdan sonra onun yanağındakı şişin kəsilməsi səbəbindən yaranan çatışmayan hissəni bərpa etmişlər.
Tədqiqatçılar ümid edirlər ki, bu texnologiya dünyanın tibbi xidmətləri aşağı səviyyədə olan ucqar yerlərində yaşayan pasiyentlərə çox kömək olacaq.
caxapok.org saytının məlumatına görə, hələ 2008-ci ildə Karlito Konsesayoya ağız boşluğunda inkişaf edən xərçəng xəstəliyinin ən ağır forması olan yuxarı çənə karsinoması diaqnozu qoyulmuşdu. Xərçəng sürətlə yayılaraq üzün sağ tərəfindəki toxumaları məhv etmiş və boğazı zədələmişdir. Lakin həkimlərin köməyilə xəstəlik onun beyninə çatmadan dayandırılmış, bu zaman adamın üzündə böyük bir boşluq əmələ gəlmişdir. Bundan başqa, pasiyent sağ göz yuvası və burnunun bir hissəsini itirmiş, bu da xəstənin depressiyaya düşməsinə səbəb olmuşdur.
“İlk protezim olduqca kövrək idi və tez-tez düşürdü. Mən dəhşətli görünür və özümü tamamilə eybəcər hiss edirdim”, - deyə Konsesayo bildirmişdir.
Lakin 2016-cı ilin fevral ayında ona üzünün çatışmayan hissəsini smartfondan istifadə edərək 3D-çapı ilə bərpa etmək təklif olunmuş, cilalanmış yeni əl protezi Konsesayoya əvvəlki yaşamaq həvəsini qaytarmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.