Smartfonlar haqqında “qorxulu” faktlar

01 Noyabr 2016 - 14:54 | Maraqlı məlumatlar
Smartfonlar haqqında “qorxulu” faktlar

Bu gün dünyada milyonlarla insan smartfon istifadəçisidir. Onların əksəriyyəti mobil qurğuların bütün iş prinsiplərini, onların hansı təhlükələrə yol açdığını anlamırlar. Hətta kütləvi informasiya vasitələrində mütəmadi olaraq bu barədə məlumatlar yayılsa da, hər kəs bu qurğuların yaratdığı risklərdən uzaq olduğunu düşünür. Əslində isə vəziyyət o qədər də sadə deyil. internetua.com saytının apardığı araşdırmada müasir mobil qurğuların səbəb olduğu əsas təhlükələr göstərilib.  

Smartfonlar bizi izləyir

Əvvəlki personal cib kompüterləri ona görə “fərdi kompüter” adlanırdı ki, onlara sahibindən başqa heç kim daxil ola bilmirdi.  Müasir smartfonları isə artıq “şəxsi” adlandırmaq mümkün deyil — bu söz asan və sürətli mobil internetin meydana çıxmasıyla öz mənasını itirmişdir. Smartfonların izləmə funksiyası — istənilən, hətta silinmiş məlumatları başqa qurğulara ötürməyə imkan verən zərərverici proqramları bütün dünyaya məlumdur. Hətta əgər siz ölkə qanunlarına riayət edən vətəndaş olsanız belə, hər an harada olduğunuz barədə informasiyanın hansısa xüsusi xidmət orqanına ötürülməyəcəyinə heç kim zəmanət verə bilmir.

Əlbəttə ki, şəxsi məlumatları yalnız xüsusi xidmət orqanları toplamır, həm də “Google”, “Microsoft” və “Apple” kimi böyük korporasiyalar bu işlə məşğul olur. Şirkətlər smartfon istifadəçilərinin elektron poçtunu, axtarış sorğularını və tez-tez baş çəkdiyi məkanları skan edir və özlərinə bəraət qazandıraraq bu addımın insanların maraqlarına xidmət etdiyini iddia edirlər. Lakin biz, şəxsi məlumatlarımızdan hansı məqsədlərlə istifadə edildiyini bilmirik.  

Smartfonlar cinayətkarlara kömək edir

Biz çox vaxt böyük şirkətlərin haqqımızda olan məlumatları toplamalarını dərk etmək və bu barədə fikirləşmək istəmirik. Lakin bəzən insanlar proqramlara internetdən həddən çox şəxsi məlumatlar yükləməyə imkan verərək özlərinə ziyan vururlar. Sosial şəbəkələrdə məkan işarələməsiylə yerləşdirilən şəkillər soyğunçular və digər cinayətkarlar üçün mükəmməl ipucudur. Əgər siz foto vasitəsilə bahalı bəzək əşyası və ya pulu nümayiş etdirirsizsə, vəziyyət daha da ciddiləşəcək.

Nə etməli? Daha doğrusu nə etməməli? Özünüz haqqında şəxsi məlumatları internetdə yerləşdirməmək, zəruri olmadığı halda konkret vaxt və məkan işarələmələrindən qaçmaq lazımdır. Xüsusilə, öz daimi fəaliyyətiniz və olduğunuz yer haqqında sosial şəbəkələrdə informasiya vermək arzuolunmazdır. Bu tədbirlər sizi ən azından təsadüfi cinayətkərlardan qoruyacaq.

Smartfonlar bizi şüalandırır

Məlumdur ki, istənilən radiomodul radio dalğaları saçır. Provayderlər, eləcə də yüz minlərlə Wi-Fi routerlərdən ötürülən naqilsiz internetdən demək olar ki, hər evdə istifadə olunur. Wi-Fi qurğuları gecə-gündüz işləyərək insanlar hiss etmədən onların orqanizminə güclü təzyiq göstərir. Mütəxəssislər zəruri olmadıqda belə qurğuları söndürməyi və onlardan istifadəni məhdudlaşdırmağı məsləhət görürlər.

Smartfonlar asılılıq yaradır

Smartfonlar insanlara internet olan hər yerdə şəbəkəyə daxil olmaq imkanı yaradır. İnternetə daxil ola bilməmək artıq insanlarda neqativ və diskomfort hislərin yaranmasına səbəb olur. İki il öncə alimlər sübut etdilər ki, sosial şəbəkələrdən müntəzəm istifadə edən insanlar böyük həcmli məlumatları dərindən təhlil edə bilmirlər. Bu, həm də insanların internetdən hansı məqsədlərlə istifadə etməsindən asılıdır.   

Smartfonlar partlaya bilər

Bu yaxınlarda Samsung Galaxy Note 7 və Apple iPhone 7-nin flaqman smartfonlarının akkumulyatorlarının partlaması ilə bağlı qalmaqallar hər kəsə məlumdur. Bu xəbərlər bir neçə həftə ərzində dünyanın aparıcı kütləvi informasiya vasitələrində işıqlandırıldı. Çoxları bu hadisəni məhz həmin qurğulardakı problemlə əlaqəli olduğunu düşünürdülər. Əslində isə bu belə deyil. İstənilən smartfon yana bilər.

Smartfonların alışmalarının səbəbləri müxtəlif ola bilər – batareyanın mexaniki zədələnməsi, orijinal olmayan aksessuarlardan istifadə, həddindən çox qızma və s. Nə etməli? İlk növbədə, xüsusilə smartfonları enerji ilə doldurmazdan öncə onun texniki təhlükəsizliyinə nəzarət etmək lazımdır. Qurğunu yastıq altına qoymaq, keyfiyyətsiz kabellərdən istifadə etmək, telefonu günəş şüasının çox düşdüyü yerlərdə qoymaq ciddi problemlərə yol aça bilər.

Təyyarədə smartfondan istifadə qəzaya səbəb ola bilər

Təxminən iki il öncə, aviasiya təhlükəsizliyi üzrə Avropa agentliyinin uzunmüddətli qadağasından sonra uçuş zamanı smartfonlardan istifadəyə rəsmi olaraq icazə verildi. Lakin buna baxmayaraq heç də aviaşirkətlərin hamısı bu qanundan yararlanmağın tərəfdarı deyillər. Onlar əvvəlki kimi təyyarədə smartfonlardan istifadəyə yalnız “uçuş” rejimində icazə verirlər.

Təyyarənin elektronikası olduqca mürəkkəb aparat kompleksidir. Aviasiya şirkətləri hər zaman təhlükəsizliyə qoyulan yüksək tələblərilə fərqləniblər. Onlar  bort sistemlərinin işinə mənfi təsir edən qurğulardan istifadəyə icazə vermirlər. Bunun elmi izahı da vardır: belə ki, mobil qurğunun siqnal səsi təyyarə tənzimləyicilərinin göstəricilərinin səhv nəticə göstərməsinə səbəb ola bilər. Həmçinin mobil telefonla danışmaq bort və dispetçer arasında əlaqənin qurulmasına maneə yarada bilər. Ehtimal az olsa da, smartfonlar hər on ildə bir dəfə aviasiya qəzasına səbəb ola bilər. Beləliklə təyyarədə olarkən mobil telefonu “uçuş” rejiminə keçirmək mütləqdir.

Qulaqlıqlardan istifadə təhlükəlidir

İnsanlar hər gün şəhərin səs-küyündən qurtulmaq üçün qulaqlıqlardan istifadə edir, xüsusilə metro, ticarət mərkəzi kimi səs-küylü yerlərdə yüksək səslə musiqi dinləyirlər. Bu da faktiki olaraq eşitmə kanalını zədələyərək, qulaq daxilində təzyiqi artırır.

Daha böyük təhlükə ondan ibarətdir ki, maşın və ya dəmir yolunu keçən zaman qulaqlıqlardan istifadə insanların həyatı üçün birbaşa təhlükə yaradır. Çox zaman onlar yüksək səsli musiqi dinləyərkən yaxınlaşan nəqliyyatın siqnal səsini eşitmirlər və bu da piyada ölümü ilə nəticələnən qəzalara gətirib çıxarır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.