İnstitutun şöbə müdiri İKT sahəsində ən son yeniliklərə dair məruzə edib

28 Oktyabr 2016 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Anar Səmidov institutun elmi seminarında çıxış edərək müasir İKT yeniliklərini diqqətə çatdırıb. O, “Carbon3D” printeri haqqında məlumat verərək qurğunun istifadə etdiyi yeni texnologiyanın 3D-çap sahəsində inqilab hesab edildiyini söyləyib. Bildirib ki, “Continuous Liquid Interface Production” (CLIP) adlandırılmış yeni texnologiyanın iş prinsipi fotohəssas qətranın sərtləşdirilməsi üçün işıq və oksigendən istifadəyə əsaslanır.

Məruzəçi ən kiçik mobil printerdən söz açaraq qurğu vasitəsilə smartfon və planşetin ekranında əks olunan istənilən məzmunu (veb-səhifələr, qeydlər, şəkillər və s.) çap etməyin mümkün olduğunu deyib. Qeyd edib ki, “droPrinter”in əsas özəlliyi çap prosesi zamanı mürəkkəbin tələb olunmamasıdır. “Kickstarter” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında mini-printer üçün maliyyə vəsaiti toplanılır. Cihaz “Bluetooth” vasitəsilə mobil telefona qoşulur, “iOS” və “Android” əməliyyat sistemlərini dəstəkləyir.

A.Səmidov qeyri-adi “SnapJet” qurğusu haqqında da məlumat verərək onun istənilən smartfonun ekranından fotoşəkili çap edə bildiyini söyləyib. Bildirib ki, qurğu rəqiblərindən simli və ya simsiz bağlantı tələb etməməsi ilə fərqlənir. Fotoşəkili çap etmək üçün istənilən smartfonu ekranı üzü aşağı olmaq şərtilə “SnapJet”in üzərinə yerləşdirərək düyməni sıxmaq lazımdır.

O, həmçinin “Scan Wireless” adlı simsiz maus və portativ skanerin üstünlüklərini nəzərə çatdırıb. Qurğunun foto və mətni 400 dpi təsvir ölçüsündə skan etmək xüsusiyyətinə malik olduğunu bildirib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bir sıra suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.