AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İstanbulda ezamiyyətdə olub

25 Oktyabr 2016 - 10:54 | Konfranslar, İclaslar
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İstanbulda ezamiyyətdə olub

16-22 oktyabr 2016-cı il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev AR Prezidenti yanında Elmin İnkişafı Fondunun  maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi çərçivəsində Türkiyənin İstanbul şəhərində ezamiyyətdə olub.

Əsas məqsəd elektron elm sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq elm aləmində yayılması və tanıdılması problemlərinin müzakirəsi, o cümlədən bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi idi.

Səfər çərçivəsində layihə icraçısı T.Fətəliyev İstanbulda bir sıra elektron kitabxanalar və elmi nəşriyyatların distribyutoru  olan “Easy Solutions” şirkətinin nümayəndələri ilə görüşüb, qurumun fəaliyyəti ilə yaxından tanış olub.

Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun və AR Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyəti haqqında geniş məruzə edilib. Qrant layihəsi çərçivəsində həyata keçirilmiş və nəzərdə tutulan tədbirlər barəsində ətraflı məlumat verilib. Qeyd olunub ki, e-elmin əsas istiqamətlərindən biri də elmin informasiya təminatının formalaşdırılmasıdır. Ezamiyyətin məqsədlərindən biri də bu məsələnin həllinə dəstək xarakteri daşıyır.

Məlumdur ki, kitabxanalar elmi informasiya və biliklərə sürətli və rahat şəkildə çıxış imkanlarına malikdirlər. “Easy Solutions” elmi nəşriyyatlar və kitabxanalarla bilavasitə əlaqə yaratmaqla onlar arasında mübadilənin səmərəliliyinin artırılmasına kömək edir.

Şirkətin ortaq meneceri Sıtkı Aktaş AMEA və “Easy Solutions” arasında bu sahədə əməkdaşlığın inkişafı, Azərbaycan alimlərinin əldə etdiyi nəticələrin beynəlxalq elmi mühitdə tanınması və beynəlxalq nəşriyyatların elektron kontentlərinin Azərbaycan elmi mühiti üçün açıq olması istiqamətində birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.