AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) mövzusunda X beynəlxalq konfransın bağlanış mərasimi keçirilib.
Tədbirin seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, İKT sahəsində mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Qafqaz Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiri, professor Abzətdin Adamov informasiya-kommunikasiya texnologiyalarının elm, təhsil, iqtisadiyyat, səhiyyə və digər sahələrdə tətbiqi ilə bağlı mühüm nailiyyətlərin əldə olunmasında tədbirin böyük rol oynayacağını vurğulayıb. Təqdim olunan məruzələrin aktuallığını önə çəkən A.Adamov tədbirin təşkilinin elm və təhsilin inteqrasiyası istiqamətində mühüm addım olduğunu qeyd edib.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək İKT-nin tətbiqi ilə bağlı aparılan tədqiqatlarda mühüm elmi nəticələrin əldə olunduğunu söyləyib. Akademik konfransın İKT-nin elmi-nəzəri problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.