Son illər elm və texnikanın müxtəlif sahələrində baş verən əhəmiyyətli dəyişikliklər ayrı-ayrı predmet sahələrinin terminoloji bazalarının zənginləşməsinə və dilimizdə yeni terminlərin yaranmasına səbəb olmuşdur. Dünyada və Azərbaycanda terminologiya fəaliyyəti ilə məşğul olan elm və təhsil mərkəzlərinin çoxalması, yayılması, elm və texnikanın müxtəlif sahələrinin inkişaf dinamikası və s. kimi amillər müxtəlif predmet sahələrinin terminlərinin strukturlaşdırılması, vahid bir mərkəzə toplanması, işlənməsi, istifadəsini təmin edən terminoloji informasiya sisteminin yaradılmasını şərtləndirmişdir.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova “Verilmiş predmet sahəsində terminoloji informasiya sisteminin işlənilməsi” mövzusunda keçirilmiş şöbə seminarında çıxışı zamanı səsləndirdi.
Məruzəçi informasiya sisteminin arxitekturunun işlənilməsi barədə məlumat verərək bildirdi ki, sistemin arxitekturu onun bütün komponentlərinin qarşılıqlı əlaqəsini və yerinə yetirilən funksiyalarını, strukturunu, modelini, həmçinin sistemin özünü onu əhatə edən informasiya mühiti ilə birlikdə əks etdirir.
Bildirdi ki, Azərbaycanda terminoloji fəaliyyət sahəsinin geniş mütəxəssis dairəsi üçün qərarların qəbulunu dəstəkləyən belə bir sistemin və onun proqram təminatının işlənməsi ilk addımdır. Terminoloji informasiya sisteminin reallaşdırılması terminlərin təhlilinə yönəlmiş xüsusi biliklər bazasının yaradılmasına imkan verir.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.