Gözün cərrahiyyəsi sahəsində ilk avtomatlaşdırılmış əməliyyat həyata keçirilib.
Böyük Britaniyanın Oksford şəhərində yerləşən Con Redkliff (John Radcliffe Hospital) xəstəxanasının cərrahları insanın gözündə torlu qişanı örtən membranı azca qaldırmaqla distant əməliyyat həyata keçiriblər. dailytechinfo.org saytının məlumatına görə, cərrahlar gözün torlu qişasında distant əməliyyat keçirmək üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış Robotic Retinal Dissection Device (R2D2) robotundan istifadə ediblər. Qurğunun ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, o cərrahın əllərinin titrəməsini azaldaraq tamamilə yox etmək imkanına malikdir. Dünya Rekordları Akademiyasının (World Record Academy) məlumatına əsasən, bu, tarixdə gözün cərrahiyyəsi sahəsində ilk avtomatlaşdırılmış əməliyyatdır.
R2D2 robotu “Preceyes BV” holland robot texnika şirkəti tərəfindən istehsal edilmişdir. Robotda yüksək dəqiqliyə malik 7 elektrik ötürücü vardır. Cərrah joystik, sensor ekran və əməliyyat mikroskopundan istifadə etməklə robotun hərəkətlərini dəqiqliklə idarə edə bilir.
Qeyd edək ki, pasiyent rolunda 70 yaşlı keşiş Uilyam Biver çıxış etmiş, onun gözünün torlu qişasında olan problem tamamilə aradan qaldırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.