İnformasiya Texnologiyaları İnstitutunda ən son texnologiyalar tətbiq olunmaqla veb-saytlar hazırlanır

06 Oktyabr 2016 - 17:22 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun istiqamətlərindən biri də dövlət qurumları və strukturları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər üçün yüksək dizayna və keyfiyyətə malik veb-saytların yaradılmasıdır.

Bu barədə məlumatı institutun Elmi Şurasının iclasında Gülnarə Nəbibəyova verib. O, rəhbərlik etdiyi şöbədə peşəkar dizayner və proqramçıların fəaliyyət göstərdiyini qeyd edərək son zamanlarda veb-saytların yaradılması istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirib ki, institutun www.ict.az veb-saytının dizaynı ən son texnologiyalar tətbiq olunmaqla yenidən işlənmiş, o cümlədən mobil versiyası yaradılmışdır.

G.Nəbibəyova AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın elmi bölmələrinin (Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi, Yer Elmləri Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi, Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi), Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının, o cümlədən  Şuranın Problemlər Üzrə Elmi Şuralarının veb-saytlarının da yüksək səviyyədə hazırlanaraq istifadəyə verildiyini deyib.  

Həmçinin şöbənin dizayner və proqramçıları tərəfindən AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, AMEA Təcrübə-Sənaye Zavodu və Azərbaycan Dövlət Dəniz Akademiyasının veb-saytlarının işləndiyini diqqətə çatdırıb.

Məruzəçi qeyd edib ki, AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə dekabr ayında keçiriləcək “Asia-Pacific Conference and Workshop on Quantum Information Science 2016” konfransının veb-saytı da şöbə əməkdaşları tərəfindən hazırlanmış, burada onlayn ödəmə sistemi tətbiq edilmişdir.

G.Nəbibəyova dizayner və proqramçıların veb-saytları yaradarkən bu sahədə dünya təcrübəsini və müasir tələbləri araşdırdıqlarını, yeni texnologiyaları tətbiq etdiklərini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.