Süni sümük toxuması 3D-printerdə çap ediləcək

30 Sentyabr 2016 - 16:00 | Texnoloji yeniliklər
Süni sümük toxuması 3D-printerdə çap ediləcək

ABŞ-ın Şimal-Qərb Universitetində Adam Yakusun rəhbərliyi altında çalışan mütəxəssislər qrupu tərəfindən yaradılmış süni sümük toxumasını 3D-printerdə çap etmək mümkündür.

İstehsalçıların sözlərinə görə, “Hyper-Elastic Bone” adlandırılmış biomaterial olduqca möhkəmdir və qısa müddətdə lazımi formaya malik fraqment hazırlamağa imkan verir. Məsələn, hazırda üz-çənə cərrahiyyə əməliyyatının aparılması zamanı həkimlər pasiyentin bud sümüyündən sümük fraqmenti götürməli olurlar ki, bu da xəstənin bərpa prosesini xeyli uzadır. Biomaterialdan istifadə fəsadlardan və bir sıra problemlərdən xilas olmağa imkan verir.

medportal.ru saytının məlumatına görə, biomaterial artıq heyvanlar üzərində sınaqdan keçirilib və heç bir infeksiya, əks təsir qeydə alınmayıb.

Beləliklə, üz-çənə əməliyyatlarının, stomatoloji və digər əməliyyatların aparılması üçün sümük fraqmentlərini çap etmək mümkün olacaq. Bundan başqa, biomaterial anadangəlmə qüsurların aradan qaldırılmasında tətbiq ediləcək.

Alimlər bildiriblər ki, yaxın 5 ildə pasiyentlər üzərində süni sümük materialının sınaqlarına başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.