Hazırda dənizlər və okeanlar plastik tullantılarla doludur. Hər gün dalğalar bir çox paket, butulka və digər zibilləri sahillərə atır ki, bu da arzuolunmaz mənzərə yaradır.
Cənubi afrikalı sahibkar Riçard Hardiman bu problemin həlli məqsədi ilə dəniz limanlarında zibillərin toplanması üçün avtonom aparat yaradıb. “Zibilyığan köpək balığı” (WasteShark) adlı ixtira Hardimanın rəhbərlik etdiyi “RanMarine” holland şirkəti tərəfindən hazırlanıb. Kiçik katamarana bənzəyən dəniz dronunun enerji mənbəyi elektrik batareyalarıdır.
techcult.ru saytının məlumatına görə, “WasteShark” limanda hərəkət edərək dənizdən tullantıları toplayır və daxili yığıcıya göndərir ki, burada onlar məhv edilir.
Hardimanın layihəsi “Limanların texnoloji inkişafı” holland proqramına daxil edilib. Yeni dronun iki prototipi artıq Rotterdam dəniz limanında sınaqdan keçirilib. Layihə çərçivəsində limana bir neçə ay ərzində daha 4 zibilyığan dronun gətirilməsi planlaşdırılır.
Gələcəkdə günəş batareyaları ilə təchiz edilmiş böyük pilotsuz təyyarənin hazırlanması nəzərdə tutulur. “Böyük zibilyığan köpək balığı” (Great WasteShark) bir dəfəyə 500 kq zibil yığa biləcək. Aparat sensorlar və videokamera ilə təchiz ediləcək ki, bu da drona limanda gəmilərlə toqquşmalardan qaçmağa imkan verəcək.
Pilotsuz təyyarədən, həmçinin suyun keyfiyyəti, dərinliklər və hava şəraiti haqqında məlumatların toplanması üçün istifadə ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.