Yeni krassovkaları vaxtaşırı enerji ilə yükləmək lazım gələcək
“Nike” şirkəti noyabrın 28-dən etibarən "Gələcəyə qayıdış - 2" fantastik filmindəki Nike idman ayaqqabısını xatırladan, özü bağlanan HyperAdapt 1.0 krassovkalarının satışına start verəcək. Bu barədə şirkətin PR-direktoru Haydi Burqett öz Twitter mikrobloqunda məlumat verib.
Onun sözlərinə görə, qeyri-adi ayaqqabı modelini şirkətin yalnız ABŞ-da yerləşən bəzi mağazalarından əldə etmək mümkün olacaq. HyperAdapt 1.0-ın dəyəri hələlik məlum olmasa da, onun çox baha qiymətə satılacağı güman olunur.
Krassovkaların iş prinsipinə dair "Youtube" kanalında yerləşdirilmiş videorolikə əsasən, ayaqqabının ipi avtomatik olaraq bağlanır, lakin ipin boşalaraq açılması üçün sahibdən yanlardakı 2 düyməni basmaq tələb olunur.
Bundan başqa, krassovkaları vaxtaşırı enerji ilə yükləmək lazım gələcək. hitech.newsru.com saytının məlumatında bildirilir ki, HyperAdapt 1.0 krassovkalarına quraşdırılmış akkumulyatorlar ayaqqabını iki həftə ərzində təmin edir - tam yüklənmə üçün təxminən üç saat tələb olunur. Enerjinin hansı səviyyədə olduğunu isə ayaqqabının altına yerləşdirilmiş işıq diodlarının rənginə görə müəyyənləşdirmək mümkün olacaq.
Xatırladaq ki, ötən ilin payızında şirkət dizayn olaraq “Gələcəyə qayıdış - 2” filmindəki krassovkanın eynisi olan, özü bağlanan Nike Air Mag ayaqqabılarının kiçik seriyasını satışa çıxarmışdı. Krassovkaların ilk nümunələrini sözügedən filmin baş rol ifaçısı Maykl Cey Foks nümayiş etdirmişdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.