Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti seminarı keçirildi. Şöbənin böyük elmi işçisi Hicran Gözəlova “Data Science tədrisində dünya təcrübəsinin tədqiqi” mövzusunda çıxış edərək Big Data texnologiyalarının sürətlə inkişaf edərək bütün fəaliyyət sahələrini əhatə etdiyini bildirdi.
Məruzəçi böyük həcmli verilənlərin toplanmasına, emalına, onlardan gizli biliklərin aşkarlanmasına imkan yaradan elm sahəsinin “Data Science” adlandırıldığını vurğuladı. Onun dünyada yüksək templə inkişaf edən bir sahəyə çevrilməkdə olduğunu qeyd edərək, əsas problemlərini diqqətə çatdırdı.
H.Gözəlova Data Science elminin yaranma və inkişaf tarixindən də bəhs edərək, bu sahə ilə məşğul olmaq üçün “data scientist” adlanan yüksəkixtisaslı mütəxəssislərə ehtiyac olduğunu qeyd etdi. Bildirdi ki, “data scientist”lər bu gün ən yüksək tələbat olan peşələrdəndir.
Məruzəçi sonda Azərbaycan təhsil sisteminin hazırkı inkişafı barədə məlumat verdi. Bildirdi ki, beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif elm sahələrini əhatə edən “Data Science” fənninin respublikamızda da tədris planına daxil edilməsi müasir dövrün tələblərindəndir.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, coxsaylı suallar cavablandırıldı.