Mürəkkəb əməliyyatları yerinə yetirən robot-cərrah təqdim olunub

31 Avqust 2016 - 10:00 | Texnoloji yeniliklər
Mürəkkəb əməliyyatları yerinə yetirən robot-cərrah təqdim olunub

Karneqi Mellon Universitetinin professoru Xouvi Çouzetanın rəhbərliyi etdiyi mühəndis və həkimlər qrupu tərəfindən bədəndə hər hansı kəsik etmədən kifayət qədər mürəkkəb cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malik robot-cərrah təqdim olunub.

hi-news.ru saytının məlumatına görə, “The Flex Robotic System” adlandırılan yeni ixtira yüksək təsvir ölçüsünə malik kamera və elastik zond formasındadır. İdarəetmə kontrollerin köməyi ilə həyata keçirilir. Robot toxumaları tutmaq və kəsmək üçün müxtəlif alətlərə, həm cərrah bıçağı, həm də qanaxmanı dayandırmaq üçün koaqulyator kimi istifadə edilən lazerə malikdir. Bundan başqa, robot orqanizmdən toxumaları, mayeni çıxarmaq, həmçinin analiz üçün müxtəlif nümunələr götürmək iqtidarındadır. Robot narkoz altında olan pasiyentin ağzı vasitəsilə insan bədəninə nüfuz edir.

İstehsalçılar bildiriblər ki, qurğunun prototipi hələ 2004-cü ildə hazırlanıb və layihənin tam reallaşmasına 10 ildən çox vaxt sərf olunub.