Orqanizmdə 20 saat sonra həll olunan kapsul-batareya yaradılıb

26 Avqust 2016 - 09:00 | Maraqlı məlumatlar
Orqanizmdə 20 saat sonra həll olunan kapsul-batareya yaradılıb

Karneqi Mellon Universitetinin alimləri tərəfindən orqanizmdə 20 saat sonra həll olunan kapsul-batareya yaradılıb. Batareya orqanizmə heç bir fayda verməsə də, yığcam videokamera və müxtəlif sensorlarla inteqrasiya edildikdə bir sıra xəstəliklərin diaqnostikası məqsədilə istifadə oluna bilər.

hi-news.ru saytının məlumatına görə, Kristofer Bettinqer və onun komandası tərəfindən yaradılmış adi kapsul ölçüsündə olan batareya 20 saatadək işləmək qabiliyyətinə malikdir. Qurğunun əsasını melanin, manqan oksidi, mis və dəmir təşkil edir. Oxşar texnologiya üzrə yalnız batareya deyil, həm də sensorla təchiz edilmiş portativ kameralar yaratmaq mümkündür.

Qeyd edək ki, insanın həzm yolundan keçərkən müxtəlif informasiyanı qeydə alan yığcam videokamera ilə təchiz edilmiş bir neçə santimetr ölçüsündə olan kapsullar artıq çoxdan düşünülüb. Bundan başqa, cari ildə Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən diaqnostika təyinatlı robot yaradılıb. Lakin bütün bu cihazlar bir sıra məhdudiyyətlərə (böyük ölçülü, avtonom işləmə vaxtının az olması) malik idi.