“Enomad” şirkətinin mütəxəssisləri mobil qurğuları su axını vasitəsilə enerji ilə doldurmağa imkan verən yeni “Estream” adlı portativ qurğunu nümayiş etdiriblər.
econet.ru saytının məlumatına görə, indiyədək cihazları enerji ilə doldurmaq üçün günəş enerjisindən istifadə edən portativ enerji doldurma qurğuları populyar olsa da, onlar günün saatları və hava şəraitindən asılıdır. Məhz buna görə son vaxtlar mütəxəssislər alternativ enerji doldurma qurğuları kəşf etməyə başlayıblar.
Elektrik enerjisinin hasil olunması üçün su axınından istifadə edən “Estream” turbini mobil qurğular üçün alternativ portativ enerji mənbəyidir. Oxşar qurğular əvvəllər nümayiş olunsa da, yeni turbin kiçik ölçüyə və böyük effektivliyə malikdir.
Çəkisi 800 qram təşkil edən, “ABS” plastik və polikarbonatdan düzəldilən “Estream” qurğusunu kompakt şəkildə yığmaq və çantaya yerləşdirmək mümkündür.
Elektrik enerjisini hasil etmək üçün istifadəçilər qurğunun ayaqlarını açmalı, aparatı bir yerdə saxlayacaq lövbəri suya salmalıdırlar. Suya düşən qurğu su axını ilə işə salınır ki, bu da enerji istehsalına imkan verir.
Qurğu 2,5-5 Vt gücündə enerji hasil edir, istehsal olunan elektrik enerjisini isə 6400 milliamper/saat tutumunda litium-ion akkumulyatorda saxlamaq mümkündür.
İstehsalçıların sözlərinə görə, akkumulyatorun enerji ilə doldurulması üçün təxminən 4,5 saat tələb olunur.
Hazırda “Kickstarter” saytında “Estream” layihəsi üçün vəsait toplanır. Turbinlər üçün ilkin sifarişin qiyməti 180 dollar təşkil edir.