Dünyanın ən böyük internet-ensiklopediyası olan Vikipediya-da yer alan məlumatları interaktiv 3D-xəritə şəklində əks etdirən “Wikiverse” layihəsi istifadəyə verilib.
hitech.vesti.ru saytının məlumatına görə, klaviaturada oxları sıxmaqla “biliklər kainatı” üzrə hərəkət etmək, maus vasitəsilə isə miqyası dəyişdirmək mümkündür.
Proqramçı Ouen Kornes tərəfindən hazırlanmış “Wikiverse” layihəsində müxtəlif məqalələr və saytın bölmələri arasında əlaqə əyani olaraq göstərilib. Onlayn-ensiklopediya böyük kürəni, hər bir ulduz ayrı-ayrı məqalələri bildirir. “Bürclər” isə bir-birinə istinad edən məqalələri formalaşdırır.
Qeyd edək ki, 3D-modelin hazırlanmasına böyük vəsait tələb olunduğundan Wikiverse layihəsi bütün ensiklopediyanı deyil, onun yalnız kiçik bir hissəsini (məqalələrin 5 faizini, və ya ingilis dilində 250 min məqaləni) əks etdirir.