Yeni eynək görmə qabiliyyətini qaytarmağa kömək edəcək

01 Avqust 2016 - 10:00 | Texnoloji yeniliklər
Yeni eynək görmə qabiliyyətini qaytarmağa kömək edəcək

Fransanın “Pixium Vision” şirkəti tərəfindən görmə qabiliyyətini qaytarmağa kömək edən eynək hazırlanıb. Avropanın aparıcı tibbi təşkilatlarından “IRIS II” adlı eynəyin kliniki sınaqlarının aparılmasına dair razılıq əldə edilib.

“IRIS II” 3 əsas komponentdən ibarətdir: daxili videokameraya malik eynək, portativ kompüter və göz implantı. Kamera ilə əldə edilən təsvir kompüterdə analiz olunur və simsiz texnologiya vasitəsilə gözün torlu qişasının altında quraşdırılmış implanta ötürülür.

hi-news.ru saytının məlumatına görə, implant 150 elektroda malikdir və pasiyentə ağ, qara rəngləri, həmçinin boz rəngin çalarlarını ayırd etmək imkanı verərək görmə sinirlərini stimullaşdırır.

Şirkətin mütəxəssisləri bildirirlər ki, görmə imkanı məhdud pasiyentlər adaptasiya olduqdan sonra insanların sifətinin xüsusiyyətlərini, həmçinin böyük şriftlə yazılmış mətni ayırd edə biləcəklər.