“Ağıllı” dərman qutusu müalicəni təyin edəcək

29 İyul 2016 - 10:00 | Texnoloji yeniliklər
“Ağıllı” dərman qutusu müalicəni təyin edəcək

“19Labs” şirkəti ABŞ-ın tibbi mərkəz və universitetləri ilə birgə “ağıllı” dərman qutusu icad edib. “GALE” adlı qurğu soyuqdəymə və ya qrip kimi geniş yayılmış xəstəliklər zamanı kömək etməklə yanaşı, yanıqlar, kəsilmiş yaralar, sınıqlar, zəhərlənmələr və həyat üçün təhlükəli digər hallarda tövsiyələr verəcək və müalicəni təyin edəcək.

hi-news.ru saytının məlumatına görə, dərman qutusu tibbi preparatların düzgün saxlanılmasını təşkil edəcək və quraşdırılmış sensor ekrana bildirişlər göndərərək dərmanların yararlılıq müddətinin başa çatması barədə xəbərdarlıq edəcək. Ekranda həmçinin dərman vasitələrinin qəbulu üzrə təlimat görünəcək, eləcə də videokamera vasitəsilə tibbi yardımın göstərilməsi üçün mütəxəssislə əlaqə yaratmaq mümkün olacaq. Bundan başqa, “GALE” termometr, nəbz oksimetri və təcili çağırış düyməsi ilə təchiz edilib.

SİM-kart üçün slotla təchiz edilən yeni tibbi qurğu müalicəni aparan həkimə və ya siyahıda olan ailə üzvlərinə xəstənin sağlamlıq vəziyyəti barədə bildirişlər göndərəcək. Dərman ehtiyatını qurğunun əsas menyusundan sifariş etmək mümkündür.

“Ağıllı” dərman qutusunun qiyməti barədə məlumat verilmir.