“Google” şirkəti dünyanın bir çox muzeylərinin kolleksiyaları ilə tanış olmağa imkan verən “Arts & Culture” saytının yenilənməsi barədə məlumat yayıb. Şirkət həmçinin iOS və Android əməliyyat sistemləri əsasında işləyən qurğular üçün “Arts & Culture” xüsusi proqramını istifadəyə verib.
“Siz yeni alətlər sayəsində dünyanın 70 ölkəsinin mindən çox muzeyinin eksponatlarını tapa biləcəksiniz. İncəsənət dünyasına daxil olun: məşhur rəssamların əsərlərindən ilham alın, dünyanın möcüzələrinin fotoşəkillərinə tamaşa edin, tarixi hadisələri öyrənin və görkəmli şəxsiyyətlərlə tanış olun”, – şirkətin bloqunda dərc edilmiş xəbərdə qeyd edilir.
Veb-saytda eksponatları açar sözlər və ya onların yaranma tarixi üzrə axtarmaq, eləcə də rənglərə görə çeşidləmək imkanı təqdim olunur.
“Arts & Culture” mobil proqramını yükləyərək “Google Cardboard” eynəyi vasitəsilə muzeylərə virtual ekskursiyalar etmək mümkündür. Məsələn, artıq istifadəçilər Romada incəsənət sərgisinə “yola düşə” və ya qədim yunan məbədini ziyarət edə bilərlər.
hitech.newsru.com saytının məlumatına görə, mobil proqramın köməyilə həmçinin bu və ya digər eksponatın nümayiş etdirildiyi muzeyin yerləşdiyi məkan və iş qrafiki haqqında məlumat əldə etmək olar.