Fransanın “Withings” şirkəti tərəfindən hazırlanmış “Thermo” adlı kontaktsız elektron termometr satışa çıxarılıb. Temperaturun təyin edilməsi üçün qurğunu alın boyunca aparmaq kifayətdir.
nanonewsnet.ru saytının məlumatına görə, qurğu ən yüksək temperatur nöqtəsini müəyyənləşdirmək üçün gicgah arteriyasını skan edən və 4 mindən çox ölçmə aparan 16 infraqırmızı sensor ilə təchiz edilib. “Ağıllı” termometr yaş, simptom və temperaturun dəyişməsi əsasında xəstəliyin müalicəsi üçün məsləhətlər verən mobil proqramla sinxronlaşdırılıb. Boston Uşaq Xəstəxanasının əməkdaşları proqrama dərmanlar və onların miqdarı barədə informasiya əlavə ediblər.
Səthi gicgah arteriyasının temperaturunu təyin edən termometrlər ölçmə dəqiqliyinə görə rektal və qulaq termometrləri ilə müqayisə edilə bilər. “Thermo” həm oyaq, həm də yatmış insanın temperaturunu ölçməyə imkan verir. O, 8 şəxsin temperaturunun ölçülmə tarixçəsini izləyir. İstehsalçılar bildiriblər ki, qurğu temperaturun ölçülməsi üçün ən gigiyenik üsuldur.