AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2016-cı ilin I yarısı üzrə hesabatı müzakirə olundu. İnstitutun böyük elmi işçisi Gülarə Məmmədova hesabatı təqdim edərək bildirdi ki, şöbədə elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi üzrə elmi tədqiqatlar davam etdirilir. Bu məqsədlə elektron təhsil mühitinin formalaşdırılması, beynəlxalq elektron təhsil standartlarının tədqiqi, bulud texnologiyaları əsasında formalaşan elektron təhsil mühitinin idarə edilməsi, elektron tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi istiqamətində araşdırmalar aparılır.
Məruzəçinin sözlərinə görə, təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənilməsi istiqamətində İKT ixtisasları üzrə optimal proqramın seçilməsində iyerarxiya analiz metodunun tətbiqi işləri aparılır.
Beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən söz açan G.Məmmədova bildirdi ki, Ufa Dövlət Aviasiya Texniki Universiteti ilə əməkdaşlıq münasibətləri davam etdirilir.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı yerinə yetirilmiş işlərdən danışdı.
Hesabata dair fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. R.Əliquliyev elektron təhsil mühitinin idarə edilməsi üzrə beynəlxalq təcrübənin araşdırılması, eləcə də şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş elmi nəticələrin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.