3D-çap texnologiyalarının imkanları və tətbiq sahələri ilə bağlı araşdırmalar aparılır

17 İyun 2016 - 15:00 | Konfranslar, İclaslar
3D-çap texnologiyalarının imkanları və tətbiq sahələri ilə bağlı araşdırmalar aparılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti seminarı keçirilib. Şöbə müdiri Anar Səmidov seminarda “3D-printer və tətbiq sahələri” haqqında məruzə ilə çıxış edərək bildirib ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə hər kəs öz evində kompüterdən istifadə edərək istənilən foto, video və ya audio faylın surətini çıxara bilər. Artıq 3D-printerlər vasitəsilə istənilən fiziki obyektin üçölçülü modelini çap etmək mümkündür.

Onun sözlərinə görə, üçölçülü fəza yaşadığımız maddi dünyanın həndəsi modelidir. Bu fəza 3 həmcins dəyişəndən (hündürlük, en və uzunluq) ibarət olduğundan üçölçülü adlanır. Üçölçülü çap texnologiyasının 1980-ci ildə meydana çıxdığını bildirən məruzəçi 3D-şəkillərin çap edilməsi üçün istifadə olunan printerin iş prinsipindən söz açıb. Qeyd edib ki, fayl avtomatik layihələndirmə sistemi ilə çap olunması üçün hazırlanır və 3D-çapa göndərilir. Bu zaman adi printerlərdən fərqli olaraq kağız üzərində mətn əvəzinə üçölçülü model əldə olunur.

A.Səmidov 3D-çap texnologiyasının üstünlüklərindən bəhs edərək onun məhsulun funksionallığı və yığımının qiymətləndirilməsinə, eləcə də məhsulun hazırlanmasına başlamazdan əvvəl səhvlərin aşkarlanaraq aradan qaldırılmasına, istehsal dövrünün azaldılması nəticəsində vaxta və maliyyə resurslarına qənaət etməyə imkan verdiyini söyləyib. 3D-printerlərin əsasən müxtəlif prototiplərin hazırlanması üçün istifadə edildiyini və memarlıq, təhsil, tibb, zərgərlik və s. kimi müxtəlif sahələrdə geniş tətbiq olunduğunu nəzərə çatdırıb.

Üçölçülü çapın tibdə tətbiqinin önəmini vurğulayan A.Səmidov hazırda bu texnologiyanın stomatologiya, transplantologiya, plastik cərrahiyyə, travmatologiya, protezləşmə və tibbin bir çox digər sahələrində istifadə olunduğunu bildirib. Qeyd edib ki, 3D-printerlər daha çox pasiyentin kompüter tomoqrafiyasının məlumatlarına əsasən hazırlanan müxtəlif oynaqlar və fərdi protezlərin istehsalında tətbiq olunur. Protez xüsusi proqram vasitəsilə modelləşdirilir ki, bu da pasiyentin anatomik xüsusiyyətlərini nəzərə alaraq məhsulun dəqiq formasını almağa imkan verir.

Məruzəçi 3D-çapın tibdə tətbiqinin üstünlüklərindən bəhs edərək bildirib ki, üçölçülü çap yalnız titan implantları deyil, həm də strukturu əslinə maksimum oxşar olan sümük modelləri yaratmağa imkan verir. O, sümüklərin 3D-çapının protezləşməyə nisbətən daha səmərəli olduğunu qeyd edib, bu texnologiyanın kranioplastikada kəllə zədələrinin aradan qaldırılması üçün də tətbiq edildiyini söyləyib.

A.Səmidov, həmçinin insan dərisi və orqanlarının 3D-çapı və bu prosesin üstünlükləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 3D texnologiyaların sürətli inkişafı insanlar üçün yeni imkanlar yaradır. Bu da öz növbəsində tibbi biliklərə malik və 3D-çap texnologiyalarına bələd olan mütəxəssislərə tələbatı artırır.

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.