Fransanın “Airbus” aviaşirkəti Almaniyada keçirilən beynəlxalq aerokosmik sərgidə 3D-printerdə çap olunmuş ilk mini-təyyarə modelini nümayiş etdirib. 3D-çap texnologiyalarının geniş tətbiqi imkanlarını yoxlamaq üçün hazırlanmış “Thor” adlı yeni təyyarənin çəkisi 21 kq, uzunluğu isə 4 m təşkil edir.
“Biz bu sınağı 3D-printerin köməyilə ayrı-ayrı detalların deyil, həm də bütöv bir sistemin hazırlanma prosesini sürətləndirməyin mümkün olub-olmadığını öyrənmək üçün həyata keçirdik”, – deyə ideyanın müəllifi Detlef Koniqorski bildirib.
gazeta.ru saytının məlumatına görə, 3D-çap texnologiyalarının aviasiyada tətbiqi vaxta və vəsaitə qənaət edilməsinə imkan verəcək, həmçinin çap olunmuş təyyarələr daha az yanacaq istifadə edəcək.
Qeyd edək ki, hələ 2015-ci ilin may ayının əvvəlində “Airbus” şirkətinin “A350 XWB” təyyarəsinin hissələrinin 3D-çapına başladığı bildirilmişdi.