Mobil tibb insanların həyat fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır

23 May 2016 - 17:00 | Konfranslar, İclaslar

Mobil telefon və ya planşet tipli qurğulardan istifadənin geniş vüsət alması nəticəsində elektron tibbin yeni istiqamətlərindən biri olan mobil tibb sürətlə inkişaf etməkdədir. Hazırda vətəndaşlar haqqında tibbi məlumatların əldə edilməsi, mobil telefona, eləcə də mobil əlaqədən istifadə etməklə həkimə və ya “bulud”a ötürülməsinə imkan verən 300-dən çox müxtəlif növ monitor və sensor işlənilib.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Qurban Qurbanov 11 saylı şöbənin elmi seminarında çıxışı zamanı bildirib.

“Mobil onlayn tibb texnologiyaları” mövzusunda məruzəni təqdim edən Q.Qurbanov qeyd edib ki, mobil tibb dedikdə səhiyyə və tibb sahəsində olan müxtəlif xidmətlər, proqramlar və digər fəaliyyətlər üçün mobil informasiya texnologiyaları və naqilsiz rabitə texnologiyalarından istifadə nəzərdə tutulur.

Onun sözlərinə görə, dünyada orta hesabla hər 100 nəfərə təxminən 152 mobil telefon düşür. Mobil telefonun asanlıqla daşınması, mobil rabitənin istənilən yerdə mövcudluğu, internetin keyfiyyəti, əlyetərliliyi və sürəti, mobil telefonun yaddaşında istifadəçinin tibbi kart məlumatlarını saxlamaq və bu məlumatlardan həyati önəm daşıyan kritik anlarda belə istifadə etməyin mümkünlüyü, bulud yaddaşı sayəsində mobil qurğulardan əldə olunan informasiyanın qeyri-məhdud olması tibbin mobilləşməsi prosesini sürətləndirən amillərdəndir.

Uzaq məsafədən sağlamlığa nəzarət üçün lazımi qurğulardan istifadənin üstünlüklərindən söz açan Q.Qurbanov həmçinin 2015-ci ildə mobil tibb sahəsində həyata keçirilən layihələr, smartfonlar üçün nəzərdə tutulan “Kardia”,  “Lose it”, “Run keeper”, “My Fitness”, “Health Wear” , “Skin of Mine”, “Target Weight” və s. mobil proqramlar haqqında ətraflı məlumat verib.

“Mobil tibbin gələcəyi İT-şirkətlərdən asılıdır. Belə ki, milyonlarla istifadəçinin məlumatlarının idarə edilməsi ilə həmin şirkətlər böyük sərvətə sahib olacaq”, – deyə məruzəçi bildirib.

Q.Qurbanov qeyd edib ki, hazırda bir sistemdə əlaqələndirilən çoxsaylı sensorlar, cihazlar və proqramlar mövcuddur. Müxtəlif mobil telefonlardan istifadə əlavə imkanlarla yanaşı, yeni təhlükələr də yaradır. Buna misal olaraq şəxsi həyatın toxunulmazlığı, şəxsi sağlamlıq və təhlükəsizlik, maliyyə və kommersiya məxfiliyinin qorunması və s. ilə bağlı problemləri göstərmək olar.

Son illər qeydə alınan əsas insidentlərin pasiyentin şəxsi məlumatlarının məxfiliyinin pozulması halları ilə əlaqədar olduğunu söyləyən məruzəçi bildirib ki, insan faktoru və lokal məlumat daşıyıcılarından istifadə şəxsi məlumatların ələ keçirilməsinə səbəb olur. O, informasiya təhlükəsizliyi sahəsində bulud servislərindən istifadənin bu kimi halların qarşısını alacağını diqqətə çatdırıb.

“Bu gün tibb və informasiya texnologiyaları bir-birinə nüfuz edərək “high hume” (canlı materiya və insana təsir edən yüksək texnologiyalar) texnologiyası çərçivəsində inkişaf edir. Artıq yeni mobil tibb cihazlarından istifadə etməklə insanlar öz həyat göstəricilərinə nəzarət edə, həkimlə “Skype” və ya smartfon vasitəsilə konsultasiya edib sağlamlıq vəziyyətini yaxşılaşdıra bilərlər”, – deyə bildirən Q.Qurbanov mobil tibbin insanların həyat fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadığını qeyd edib.

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.