“Google Soli” jestlərlə “ağıllı” saat və smartfonları idarə etməyə imkan verəcək

25 May 2016 - 14:00 | Texnoloji yeniliklər
“Google Soli” jestlərlə “ağıllı” saat və smartfonları idarə etməyə imkan verəcək

Ötən il “Google” şirkətinin “Advanced Technology And Projects” tədqiqat bölməsi qurğuları jestlərlə idarə etməyə imkan verən “Soli” layihəsini təqdim edib. Bu yaxınlarda “Google” əməkdaşları ideyanı inkişaf etdirərək “I/O 2016” proqram tərtibatçıları konfransında bu texnologiya vasitəsilə “ağıllı” saatların idarə edilməsini nümayiş etdiriblər.

4pda.ru saytının məlumatına görə, “Google Soli” layihəsinin əsasını qurğuların yaxınlığında hərəkətləri müəyyənləşdirməyə imkan verən xüsusi radiolokasiya sistemi təşkil edir.

İlk prototiplərdə radarın ölçüsü böyük idi və daim kompüterə qoşulmaq tələb olunurdu. Bu dəfə isə “Google” mütəxəssisləri radarı “ağıllı” saatların korpusuna yerləşən kiçik çip şəklində yaratmağa nail olublar. “Google Soli” vasitəsilə üçölçülü modellər yaratmaq da mümkündür.

Texnologiyanın kommersiya qurğularında tətbiq ediləcəyi tarix barədə hələ ki, məlumat verilmir.