Robotlar insanlara məsləhət verəcək

12 Aprel 2016 - 11:00 | Texnoloji yeniliklər
Robotlar insanlara məsləhət verəcək

Yaponiyanın “Hitachi” şirkəti tərəfindən hazırlanmış “EMIEW3” adlı robot ətraf mühiti və insanların hərəkətlərini tanıya bilir. Yeni robot bir neçə kamera və sensordan ibarət innovasiya sistemi sayəsində insanların çoxluq təşkil etdiyi yerlərdə belə narahat görünən şəxsi sərbəst şəkildə ayırd edir. Robot həmin şəxsə yaxınlaşaraq yardım təklif edir.

Hündürlüyü təxminən 90 sm olan və 6 km/saat sürətlə hərəkət edən robot rəqibi “Pepper”dən 3 dəfə daha sürətlidir. “Softbank” texnologiya şirkəti tərəfindən hazırlanmış “Pepper” insan emosiyalarını anlaya bilən ilk robot idi.

“Hitachi” şirkətinin nümayəndələri isə iddia edirlər ki, “EMIEW3” rəqibindən bir sıra üstünlükləri ilə fərqlənir. Belə ki, humanoid ingilis və yapon dilləri də daxil olmaqla, 4 dildə danışır. Robotun proqram təminatı süni intellekt vasitəsilə buluda qoşulub. Bunun sayəsində humanoid ünsiyyət zamanı əldə etdiyi məlumatları təhlil edir, insanlarla informasiya mübadiləsi aparır.

Humanoid ticarət mərkəzləri, aeroportlar, xəstəxanalar və digər müəssisələrin ziyarətçilərinin konsultasiyası üçün istifadə oluna bilər.

vesti.ru saytının məlumatına görə, robotun 2018-ci ildə satışa çıxarılacağı gözlənilir. “Pepper”dən fərqli olaraq, “EMIEW3” Yaponiyadan kənarda da əlçatan olacaq.