Süni intellekt tərəfindən yazılmış povest ədəbiyyat müsabiqəsinə təqdim olunub

29 Mart 2016 - 11:00 | Texnoloji yeniliklər
Süni intellekt tərəfindən yazılmış povest ədəbiyyat müsabiqəsinə təqdim olunub

Yaponiya alimləri insanın nəzarəti altında hekayə və povestlər yaza bilən süni intellekt yaratmağa müvəffəq olublar. Həmin süni intellekt tərəfindən yazılmış povest Yaponiyada məşhur “Xoşi Şiniçi” adına ədəbiyyat müsabiqəsinə qəbul olunub.

Mütəxəssislər uzun müddətdir ki, insan kreativliyini emulyasiya edə bilən süni intellekt yaratmağa çalışırlar. Buna nail olmuş yapon istehsalçılarının komandasına rəhbərlik edən professor Xitoşi Matsubara bildirib ki, süni intellektin hekayə yazması üçün ona əsərin qəhrəmanı haqqında məlumat, süjetin ümumi sözlərlə təsviri, həmçinin istifadə edə biləcəyi söz, ifadə və cümlələrin siyahısı verilib. Süni intellektin əsas vəzifəsi bütün elementləri vahid strukturda birləşdirmək, povestin oxunaqlı və maraqlı olmasını təmin etmək olub.

Nəticədə “Kompüterin povest yazdığı gün” adlı əsər işıq üzü görüb. Əsas qəhrəman özündə yazıçılıq istedadını aşkar etmiş süni intellekt olub. Münsiflərdən biri əsərdə personajların aydın təsvir olunmadığını bildirib və povest müsabiqəni tərk edib. Qeyd etmək lazımdır ki, münsiflərə əsərlər və müəlliflər barədə öncədən məlumat verilməyib.

Süni intellekt sahəsində əldə olunan nailiyyətlər göstərir ki, yaxın gələcəkdə maşın insanla müxtəlif yaradıcılıq sahələrində yarışa biləcək.

hi-news.ru