Kompüter arxasında saatlarla vaxt keçirən insanların qamətinə nəzarət və düzəliş edən ilk proqram təminatı – “SitYEA” proqramı yaradılıb.
planet-today.ru saytının məlumatına görə, “Kinect” texnologiyası ilə əlaqələndirilmiş fərdiləşdirilmiş proqram istifadəçilərə zərərli vərdişlər, düzgün olmayan qamət barədə məlumat verir.
“Oturaq iş insan sağlamlığına ciddi zərər vuran müasir epidemiyadır. Ofis işçilərinin 70 faizi gün ərzində orta hesabla 5 saat oturaq vəziyyətdə olur. Buna görə də 6 aydan sonra bu işçilərin 66 faizinin fiziki ağrılardan əziyyət çəkməsi heç də təəccüblü deyil. Araşdırmaların nəticələrinə əsasən, tezliklə dünya əhalisinin 80 faizi (5,8 milyard nəfər) bel ağrısından şikayət edəcək” – “SitYEA”nın baş direktoru Tomas Martunas deyib.
Yeni ixtiranı real həyatda istifadə etmək üçün kompüterə “Kinect” qurğusunu qoşmaq və “SitYEA” proqramını quraşdırmaq lazımdır. Yaxın gələcəkdə sözügedən proqram təminatı kompüterdəki veb-kameralarla inteqrasiya ediləcək.
“Kompüter arxasında işləyən zaman vaxt amilini unuduruq. Buna görə düzgün olmayan qamətin bərpasına kömək edəcək və ya fasilə etmək haqda xatırladacaq “SitYEA” proqramını hazırlamışıq” – Martunas bildirib.
Qeyd edək ki, “SitYEA” proqramı istənilən əməliyyat sistemi ilə istifadə oluna bilər.