AMEA prezidentinin Gənclər Mükafatının təsis edilməsi ilə bağlı qərarı Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin martın 2-də keçirilmiş iclasında qəbul olunub. Təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq mükafat təbiət və ictimai-humanitar elmlər üzrə xüsusi nailiyyətlər əldə etmiş gənclərə veriləcək.
Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev akademiyada gənclər siyasətinin həyata keçirilməsi istiqamətində son illər görülən işlərdən danışıb. Akademik bildirib ki, gənclərin intellektual potensialının inkişafı, daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi, ölkənin ictimai, sosial və mədəni həyatında onların rolunun artırılması məsələlərinə dair kompleks tədbirlərin həyata keçirilməsi akademiyada aparılan islahatların əsasını təşkil edir. Akademik Rasim Əliquliyev gənclərin elmi fəaliyyətinin stimullaşdırılmasında müsabiqələrin təşkili və gənclərin mükafatlarla təltif edilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, mükafat müsabiqə əsasında 35 yaş daxil olmaqla təbiət və ictimai-humanitar elmlər üzrə xüsusi nailiyyətlər əldə etmiş gənclərə veriləcək. Namizədlər barədə sənədlər AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Ekspert Komissiyasına təqdim ediləcək, daha sonra Komissiya irəli sürülmüş namizədlər sırasından mükafata namizədi seçərək öz rəyini AMEA-nın Rəyasət Heyətinə təqdim etməlidir. Son olaraq namizədin mükafatla təltif edilməsi barədə yekun qərar Rəyasət Heyəti tərəfindən qəbul edilir. Qaliblərə müvafiq diplom və 2 min manat məbləğində pul mükafatı verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.