Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 10 ili tamam olur

20 Fervral 2014 - 14:00 | Mühüm hadisələr
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 10 ili tamam olur

Bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10 ili tamam olur. Nazirlik Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib. 

Xatırladaq ki, Azərbaycanda rabitə sahəsində ilk nazirlik 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təşəkkülündən sonra yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf Nazirliyi adlanıb. 

Ölkəmizin son 10 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələr və möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik, eyni zamanda dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirib. Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin müsbət nəticələri bütün sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində də özünü büruzə verir. 

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına göstərilən diqqət və qayğı, qəbul edilən qərarlar və 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan olunması sektorun uğurlarını daha da artırmışdır. 

2013-cü ilin fevral ayının 8-də ölkəmizin ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrildi və kosmik sənayenin inkişafı istiqamətində uğurlu işlərə imza atdı. 

Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT-nin ən üst qurumları tərəfindən dəfələrlə yekdilliklə dəstəklənib və bu layihənin icrası istiqamətində real işlərə başlanılıb. 

İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması ilə bağlı Prezident sərəncamları isə gələcəyə hesablanmış işlərin həyata keçirilməsinə stimul yaradıb. 

Bu gün ölkədə göstərilən elektron xidmətlərin sayı və çeşidi durmadan artır. “Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ay ərzində təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmət növündən 249-u "Elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib. İndiyədək əhaliyə təxminən 820 mindən artıq elektron xidmət göstərilib. 

Ölkə başçısının himayəsi ilə 19-cu dəfə Bakıda təşkil olunmuş “Bakutel-2013” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı respublikamızın İKT sahəsində böyük inkişaf potensialına malik olduğunu, region əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına uğurla reallaşdırdığını bir daha təsdiqləmişdir. 

Həyata keçirilən işlərin uğurlu nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq qurum və təşkilatların reytinq cədvəllərində İKT sahəsində bir çox göstəricilərinə görə liderlər sırasındadır. Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları 2013” adlı hesabatına görə, Azərbaycan 144 ölkə arasında İKT-ni ölkədə prioritet sahə hesab edən dövlət kimi 9-cu, İnternetin əlyetərliyi göstəricisinə görə 20-ci, mobil rabitə tariflərinə görə 28-ci, İnternet tariflərinə görə 16-cı, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşır və İnternetin 70 faizlik istifadəçi sıxlığı ilə MDB və Mərkəzi Asiya ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayır. 

Artıq ölkə əhalisinin 98 faizi rəqəmli yayımla əhatə olunub ki, bu texnoloji göstərici üzrə də ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alıb. Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək “Genişzolaqlı İnternetin inkişafı layihəsi”nin reallaşdırılması, 4-cü nəsil rabitə və informasiya texnologiyalarının tətbiq olunması, milli informasiya resurslarının həcminin sürətlə artması uzunmüddətli inkişafın sadəcə başlanğıcıdır. Xəbəri ictnews.az Elektron Xəbər Xidməti yayıb.