Qlobal robot texnikası bazarının həcmi 135 milyard dollara yaxınlaşacaq

29 Fevral 2016 - 11:42 | Maraqlı məlumatlar
Qlobal robot texnikası bazarının həcmi 135 milyard dollara yaxınlaşacaq

Robot texnikası istehsal prosesini xeyli dəyişdirməyə imkan verən əsas texnologiyalardan biridir və uzun müddətdir ki, avtomobil sənayesində, eləcə də, elektronika, ticarət, səhiyyə, kənd təsərrüfatı, xidmət sahəsi, təhsil və idarəetmə sahələrində tətbiq edilir.

computerworld.ru saytının məlumatına görə, 2015-2019-cu illərdə dünya robot texnikası bazarının həcmi ildə orta hesabla 17 faiz yüksələrək 135,4 milyard dollara yaxınlaşacaq.

Ötən il qlobal robot texnikası alışının 33,2 və 30,2 faizi diskret və fasiləsiz istehsalın payına düşüb. Hasilat sənayesi, səhiyyə və nəqliyyat öz həcminə görə növbəti pillələrdə yer alıb.

Ən yüksək artım isə fasiləsiz istehsal və səhiyyə sahələrində müşahidə olunur.

2019-cu ilə qədər bütün növ robotların (sənaye, məişət və xidmət) satış həcminin 32 milyard dollaradək artacağı proqnozlaşdırılır.