AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” mövzusunda I Respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi. Tədbirin “Big Data Analitika”, Big Data və İnformasiya Təhlükəsizliyi” və “Big Data Tətbiqləri” adlı seksiya iclaslarının sədrləri – AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
R.Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək Big Data-nın konsepsiyası, analizi, saxlanılması, fərdi məlumatların təhlükəsizliyi, insan resurslarının idarə olunması məsələlərinin həllində tətbiqi, elektron dövlət, proqram mühəndisliyi və s. sahələrdə problemlərin həlli ilə bağlı aparılan elmi-tədqiqatlarda mühüm innovativ nəticələrin əldə olunduğunu bildirdi. Akademik bugünkü konfransın Big Data-nın elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.