Mobil məlumatların ötürülmə sürəti 1 Tbit/s-ə çatdırılıb

17 Fevral 2016 - 11:00 | Texnoloji yeniliklər
Mobil məlumatların ötürülmə sürəti 1 Tbit/s-ə çatdırılıb

Böyük Britaniyanın Surreya Universitetinin tədqiqatçıları məlumatların simsiz ötürülməsi sürətini 1 Tbit/s-ə çatdırmağa nail olublar. Sınaqlar təhsil müəssisəsi nəzdində yaradılmış mərkəzin beşinci nəsil (5G) mobil rabitə texnologiyalarının öyrənilməsi ilə məşğul olan laboratoriyasında keçirilib.

cnews.ru saytının məlumatına görə, 1 Tbit/s sürət bu gün mövcud olan dördüncü nəsil (4G) mobil şəbəkələrdə məlumatların yüklənməsinin orta sürətindən 65 min dəfə çoxdur. Bu sürət mobil qurğuya 3 saniyə ərzində 100 tammetrajlı bədii filmi yükləmək imkanı verəcək.

Sınaqların keçirildiyi “5G Innovation Centre”nin direktoru, professor Rahim Tafazolli iddia edir ki, əldə olunmuş sürət 2013-cü ildə Samsung şirkətinin nail olduğu sürətdən təxminən min dəfə yüksəkdir. “Bizim əldə etdiyimiz sürət optika üzrə məlumatların ötürülmə sürəti ilə müqayisə edilə bilər”, – deyə mərkəzin direktoru bildirib.

“5G Innovation Centre” 2016-2017-ci illərdə texnologiyanı universitetin ərazisində testdən keçirməyi planlaşdırır. Yeni texnologiya ictimaiyyətə təxminən 2018-ci ildə təqdim olunacaq.

Qeyd edək ki, yeni standartın təkmilləşdirilməsində siqnalın sabitliyi və məlumatların ötürülməsi zamanı sorğuya cavab müddəti böyük əhəmiyyət kəsb edəcək.