“Sabahın alimləri” layihəsi çərçivəsində tədbir keçirilib

15 Yanvar 2016 - 09:00 | Konfranslar, İclaslar

Yanvarın 14-də Bakı şəhərinin 132-134 nömrəli təhsil kompleksində bu təhsil müəssisəsi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Sabahın alimləri” layihəsi çərçivəsində birgə tədbir keçirilib.

Təhsil sahəsində istedadlı gənclərin aşkar olunması, onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən tədbiri giriş nitqi ilə təhsil kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova açıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda elm və təhsilin inkişafı, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması üçün bir sıra mühüm fərman və sərəncamların imzalandığını vurğulayıb.

Direktor ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”, o cümlədən dövlət başçısı İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” fikirlərini xatırladaraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin elmə marağının artırılması qarşıya vacib vəzifə kimi qoyulmuşdur: “Strategiyaya uyğun olaraq istedadlı şagirdlərin inkişafı üçün bizim təhsil müəssisəsində geniş imkanlar yaradılıb. Təhsil kompleksində yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq məqsədilə yaradılmış “Kiçik akademiya” yüksək nəticələr verib”.

155 illik tarixi olan təhsil kompleksində hazırda 5 xarici dilin tədris olunduğunu önə çəkən S.Xanlarova burada əsas elmi istiqamətlərin multikulturalizm və multilinqvistika olduğunu söyləyib. Qeyd edib ki, təhsil müəssisəsinin məzunları arasında Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxsiyyətlər vardır.

Sonra kompleksin 9, 10 və 11-ci sinif şagirdləri “Karbon nanoborular”, “Sağlam həyat tərzi”, “Elektron tullantılardan səmərəli istifadə”, “Ozon qatını dağıdan maddələr və ekoloji təmiz alternativlər” mövzuları üzrə layihələrini təqdim ediblər.

Münsiflər Heyətinin üzvləri – AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev, AMEA Akad.Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, İTİ-nin şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev və digərləri layihələrlə bağlı təklif və tövsiyələrini bildiriblər. Bu kimi tədbirlərin keçirilməsinin məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər. Şagirdlərin gələcəkdə AMEA-nın institutlarında fəaliyyətlərini davam etdirməsinin onların peşəkar kadr kimi formalaşmasında mühüm rol oynayacağını qeyd ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib, xüsusi istedadı olan şagirdlərin musiqi və rəsm qabiliyyətləri nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.