Hörmətli İsmayıl İbrahimov!
Sizi – Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan tanınmış alimi, SSRİ Dövlət mükafatı laureatını 100 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Keçdiyiniz həyat yolu hər bir Azərbaycan gənci üçün örnək sayıla bilər. İkinci Dünya müharibəsi illərində Siz faşizmə qarşı rəşadətlə vuruşaraq vətən tarixinə şanlı səhifələr yazmış minlərlə Azərbaycan övladından birisiniz. Elmi yaradıcılığınızı pedaqoji fəaliyyətinizlə ahəngdar şəkildə birləşdirməklə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müvəffəqiyyətlə çalışmış, uzun illər bu mötəbər təhsil ocağının rəhbəri olmusunuz. Həmin ali məktəbin respublikamız və xarici ölkələr üçün hazırladığı çoxsaylı mütəxəssislər Azərbaycanın “neft akademiyası” olaraq şöhrətinin artırılmasına xidmət etmişlər.
Sizə tariximizin sovet dövründə xalqımızın ümummilli lideri Heydər Əliyevlə bir yerdə çalışmaq səadəti nəsib olmuşdur. Müxtəlif rəhbər vəzifələrdə və seçkili orqanlarda təmsil olunaraq ölkəmizin inkişafına layiqli töhfələr vermisiniz. Son illər ərzində Azərbaycan Uşaq Fondunun sədri kimi yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük səylər göstərirsiniz.
Fədakar əməyiniz dəfələrlə yüksək təltiflərə layiq görülmüşdür. Onların içərisində, heç şübhəsiz, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” ordeninin xüsusi yeri vardır. Əminəm ki, zəngin həyat təcrübənizi, bilik və bacarığınızı ölkəmizin gələcəyi naminə bundan sonra da əsirgəməyəcəksiniz.
Sizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Ən xoş arzularla,
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2015-ci il .