“Elektron tullantıların (ET) idarə edilməsi problemi Azərbaycan üçün də aktualdır və yaxın gələcəkdə bu istiqamətdə qanunvericilik bazasının və emal infrastrukturunun yaradılması sahəsində mühüm addımların atılması planlaşdırılır”. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirib.
B.Ağayevin sözlərinə görə, institutda informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərinin müxtəlif problemləri ilə yanaşı elektron tullantıların elmi-texniki problemləri də araşdırılır. Tədqiqatların əsas məqsədi e-tullantıların idarə edilməsi üzrə dünya təcrübəsinin öyrənilməsi, Azərbaycanda mövcud vəziyyətin monitorinqinin aparılması, qabaqcıl idarəetmə sistemlərinin ölkədə tətbiqi üzrə təklif və tövsiyələrin işlənməsi, əhalinin bu sahə üzrə maarifləndirilməsidir.
Ölkəmizdə ET-nin idarə edilməsini tənzimləyən xüsusi normativ hüquqi bazanın (qanunlar, qaydalar, təlimatlar və s.) işlənmədiyini deyən şöbə müdiri bildirib ki, idarəçilik əsasən “İstehsalat və məişət tullantıları haqqında” Qanunla tənzimlənir və ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətini müəyyənləşdirir.
Qeyd edək ki, elektron və elektrik (elektrotexniki) avadanlıqların tullantıları elektron tullantılar adlanır və beynəlxalq terminologiyada “e-waste” və ya WEEE (Waste Electrical and Electronic Equipment) kimi göstərilir: 600 adda avadanlığın tullantıları ET kimi təsnif edilir. Telekommunikasiya və şəbəkə avadanlıqları təsnifatın üçüncü qrupunu təşkil edir.
ET-nin ətraf mühitə və insan sağlamlığına ziyanlı təsirinin azaldılmasının ümumi strategiya və prinsipləri BMT-nin “Dayanıqlı İnkişaf Konsepsiyası”nda göstərilib. Konsepsiyaya əsaslanan inkişaf etmiş ölkələrdə ET-nin effektiv idarəetmə strategiyasının tətbiqi mexanizmi kimi “istehsalçının genişləndirilmiş məsuliyyəti” prinsipi qəbul edilib. Bu prinsipə görə, qanunla, tullantı halına keçmiş ET-nin idarə edilməsi üzrə texnoloji proseslərin tam həyat tsiklinin təşkilini və həyata keçirilməsi mərhələsini həmin avadanlıqların istehsalçıları yerinə yetirir.
Məsələn, “Apple”, “Hewlet Packard”, “IBM” kimi şirkətlər məhsullarının satıldığı ölkələrin 90%-də (Azərbaycan buraya daxil deyil) öz məhsullarının tullantılarının yığımını, resiklinqini (tullantıların yenidən emalı) və utilizasiyasını həyata keçirməklə, ümumi çəkisinin 95 faizdən çoxunu təssərüfat dövriyyəsinə qaytarır. Bu o deməkdir ki, elektron və elektrik məhsulların/xidmətlərin istehsalı, realizasiyası, istehlakı proseslərində tullantıların qəbulu/toplanması, tərkibindəki xammal/materialların çıxarılması və onlardan əvvəlki xammal/material kimi istifadə edilməsi məqsədilə ilkin və təkrar emalı prosesinin aparılması yolu ilə yenidən təsərrüfat dövriyyəsinə qaytarılması işi təşkil edilməlidir.
Hazırda ET-nin idarə edilməsi sisteminin işlənməsi və həyata keçirilməsi istənilən ölkə qarşısında duran mühüm məsələlərdəndir və onun səmərəlilik dərəcəsi həmin ölkənin iqtisadi, texnoloji inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.