“IoT Analytics” mütəxəssisləri tərəfindən 2015-ci ilin ikinci yarısında aparılmış tədqiqatın nəticəsinə əsasən, “Əşyaların İnterneti” bazarının (Internet of Things, IoT) ən nüfuzlu şirkətlərinin reytinqinə tanınmış mikroçip istehsalçısı “Intel” liderlik edir.
3dnews.ru saytının məlumatına görə, digər pillələrdə “IBM”, “Microsoft”, “Google” və “Cisco” şirkətləri yer alıb. Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri isə 9 və 11-ci sıralardadır.
“IoT Analytics”in hesabatında bildirilib ki, Amerika şirkətləri ilk yeddi pillədə qərarlaşsa da, digər ölkələrin şirkətləri də getdikcə irəliləyir. Bu, ilk növbədə reytinqə yenicə daxil olan Asiya şirkətlərinə aiddir. Belə ki, Yaponiyanın “NEC” şirkəti siyahıda 16-cı, Çinin “Huawei” şirkəti isə 18-cidir.
Qeyd edək ki, siyahıda veb-saytlar və sosial şəbəkələrdə ən çox adı çəkilən brendlər yer alıb.