“Gartner” analitikləri bildiriblər ki, mobil qurğular bazarının tarixində ilk dəfə olaraq, 2013-cü ildə smartfonların satış həcmi adi telefonların satışını ötüb.
dailycomm.ru saytının məlumatına görə, ötən il 2012-ci il ilə müqayisədə 42,3% çox – 968 milyon smartfon satılıb. Bu qurğular dünya üzrə mobil telefon satışının 53,6%-ni təşkil edib.
Ekspertlərin sözlərinə görə, smartfon bazarının artımı əsasən Latın Amerikası, Yaxın Şərq, Afrika, Asiya-Sakit okean regionu və Şərqi Avropa ölkələrinin hesabına təmin olunub. Bu ərazilərdə ötən ilin oktyabr-dekabr aylarında “ağıllı” boruların satış həcmi 50% artıb. Ayrı-ayrı ölkələr arasında ən böyük artım (166,8%) isə Hindistanda qeydə alınıb. Digər regionlarla müqayisədə daha yüksək nəticə (96,1%) Latın Amerikasına aiddir.
Əməliyyat sistemlərinin reytinqinə gəldikdə, liderlik ötən il 758,7 milyon qadcet satışına nail olmuş Android-ə aiddir. İkinci yerin sahibi iPhone-dur. 2013-cü ilin yanvar-dekabr aylarında istehlakçılar təxminən 151 milyon iPhone əldə ediblər. Üçüncü pillədə olan Windows Phone platforması 2013-cü ildə smartfon satışının 3,2%-nə nail olub. Bu da 1 il əvvəl ilə müqayisədə 0,7 faiz çoxdur.
Aparıcı vendorların siyahısında isə xüsusi dəyişikliklər olmayıb. Gartner-in hesablamalarına görə, smartfon bazarında liderliyini qoruyub saxlayan “Samsung”un payı 83,3 milyon satışla 29,5%-dir. İkinci yerin sahibi “Apple” 50,2 milyon iPhone sataraq 17,8%-lik nəticə göstərib. Liderlərin üçlüyünə 16 milyon smartfon satmaqla Çinin “Huawei” şirkəti daxil olub. Onun bazar payı 5,7%-lə ölçülüb.
Dördüncü yer uğrunda demək olar ki, eyni sayda smartfon satmış iki şirkət – “Lenovo” və “LG” mübarizə aparıb. Analitiklər bazar payının müvafiq olaraq, 4,6 və 4,5%-ni bu şirkətlərə aid ediblər.