Kanadalı alimlər göy-yaşıl yosunlardan elektrik enerjisinin əldə olunması üçün yeni texnologiya hazırlayıblar. Texnologiyanın səmərəliliyinin yoxlanılması məqsədilə ilk sınaqlar mobil telefon və kompüterlərdə aparılacaq.
ictnews.az saytının məlumatına görə, göy-yaşıl yosunlar fotosintez prosesi oksigenin ayrılması ilə müşayiət olunan qram-mənfi bakteriyalar tipidir. Bu yosunlar ekoloji çirklənmə nəticəsində formalaşır və su hövzəsini yararsız hala gətirir.
Fotosintez prosesində ayrılan enerjini toplamağa imkan verən yeni texnologiya Konkordiya Universitetinin mühəndisləri tərəfindən təklif edilib.
Yeni qurğu anod və katoddan ibarətdir. Göy-yaşıl yosunlar anod kamerasına yerləşdirilir. İlk mərhələdə 933 millivolt gərginlik generasiya edilib. Təkmilləşdirmə işlərindən sonra noutbuk və smartfon kimi qurğuları enerji ilə doldurmaq mümkün olacaq.