İKT sahəsində daxili təhlükəsizliyin yüksək səviyyədə mühafizəsini təmin etmək üçün bəyannamə qəbul edilib

23 Noyabr 2015 - 11:00 | Mühüm hadisələr
İKT sahəsində daxili təhlükəsizliyin yüksək səviyyədə mühafizəsini təmin etmək üçün bəyannamə qəbul edilib

Noyabrın 22-də Kuala Lumpurda (Malayziya) Şərqi Asiya Sammitinə (ŞAS) daxil olan ölkələrin liderləri ŞAS-ın yaranmasının 10-cu ildönümü ilə əlaqədar bəyannamə qəbul ediblər.

Sənədə əsasən, “ŞAS Şərqi Asiyada sülhün, sabitliyin və iqtisadi rifahın təmin olunması məqsədilə qarşılıqlı maraqlara əsaslanan və ümumi narahatlığa səbəb olan strateji, siyasi, və iqtisadi məsələlərlə bağlı liderlərin geniş mövzuda dialoqu üçün forum olaraq qalır”. Bəyannamədə bildirilir ki, ŞAS bundan sonra da regionda dövlətlər arasında qarşılıqlı əlaqələrin qaydalarının müəyyən olunmasına fəal töhfələr verəcək və strateji inamın, fəaliyyət şəffaflığı və davranışın əvvəlcədən müəyyən olunmasının mümkünlüyünə şərait yaradacaq.

Bundan əlavə, sammitdə mötədil qüvvələrin qlobal hərəkatı barədə bəyannamə və zorakı ekstremizmə qarşı, dənizdə əməkdaşlıq, səhiyyənini regional sisteminin möhkəmləndirilməsi və informasiya təhlükəsizliyi barədə birgə bəyanatlar da qəbul edilib. Nümayəndə heyətlərinin rəhbərləri həmçinin informasiya-kommunikasiya vasitələrindən istifadə barədə transmilli məsələlər üzrə ŞAS-ın bəyanatını da dəstəkləyiblər.

Tərəflər İKT sahəsində daxili təhlükəsizliyin yüksək səviyyədə mühafizəsini təmin etmək üçün fəallığı artırmaqla ŞAS ölkələrində milli və regional sabitliyin möhkəmləndirilməsinə nail olmaq barədə də razılığa gəliblər. Bu məqsədlə mövcud sahədə risklərin azaldılması və qarşılıqlı inamın inkişafı üçün əməli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi, kibertəhlükəyə qarşı mübarizədə informasiya mübadiləsinin təmin edilməsi də razılaşdırılıb.

Xatırladaq ki, ŞAS Asiya-Sakit okean dövlətləri liderlərinin regionda təhlükəsizlik, iqtisadi tərəqqi və əməli əməkdaşlığın inkişafı kimi məsələlərin strateji dialoq yolu ilə müzakirəsini aparmaq üçün 2005-ci ildə təsis etdikləri platformadır.

Hazırda ŞAS Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan 10 dövləti və onun ABŞ, Yaponiya, Hindistan, Rusiya, Avstraliya, Çin, Yeni Zelandiya, Koreya Respublikası kimi dialoq tərəfdaşlarını özündə birləşdirir.

ictnews.az