İnformasiya texnologiyalarının “yaşıllaşdırılması” istiqamətində elmi araşdırmalar aparılır

15 Oktyabr 2015 - 17:16 | Konfranslar, İclaslar

Müasir dövrdə ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə mənbələrindən biri də elektron tullantılardır. Bu tullantıların tərkibində yüzlərlə zəhərləyici maddə vardır ki, bu da sağlamlıq üçün çox təhlükəlidir. Elektron və elektrik tullantıları içərisində əsasən də mobil telefon və kompüterlər üstünlük təşkil edir. Səbəb isə bu qurğuların tez-tez yenisi ilə əvəz edilməsidir. Birləşmiş Millətlər Təşkilatı bu problemi qlobal təhlükələr sırasına daxil edib. 

Alimlər vəziyyətdən çıxış yolunu ekoloji cəhətdən daha təmiz olan “yaşıl” texnologiyaların,  daha az tullantıların olmasına imkan verən istehsal və istehlaka istiqamətlənmiş iqtisadiyyatın – “yaşıl iqtisadiyyatın” yaradılması və inkişaf etdirilməsində görürlər. İKT-nin “yaşıllaşdırılması” problemlərinin həlli, rabitə və informasiya texnologiyalarının minimal ekoloji ziyanla istehsalı və istifadəsi, elektron tullantıların idarə edilməsinin tədqiqi müasir dövrdə mühüm əhəmiyyət kəsb edən məsələdir. Hazırda dünyada müvafiq qurumlar, elmi-tədqiqat mərkəzləri, məşhur İT-şirkətləri tərəfindən bu istiqamətdə mühüm araşdırmalar aparılır, müxtəlif İT-layihələri həyata keçirilir.

Bu  istiqamətdə elmi araşdırmaların aparıldığı elmi-tədqiqat müəssisələrindən biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur. İnstitutda “yaşıl” informasiya texnologiyaları, iqtisadiyyatın “yaşıllaşdırılması”, bu sahədə mövcud problemlər və onların həlli yolları ilə bağlı tədqiqatlar aparılır, mövzu üzrə silsilə elmi seminarlar təşkil olunur.

Növbəti elmi seminarlardan biri də “Yaşıl informasiya texnologiyaları” mövzusuna həsr olunmuşdur. Gənc tədqiqatçı Orxan Mehdiyev bu sahədə mövcud vəziyyət, problemin həlli yolları, inkişaf perspektivləri haqqında ətraflı təqdimatla çıxış edib: “Yaşıl informasiya texnologiyaları – İT-nin istifadəsi ilə yaranan  və  ətraf mühitə  vurulan zərərli  təsirlərin azaldılmasına  yönəldilən  təşəbbüsdir” – bildirən məruzəçi istixana qazlarının ətraf mühitə emissiyası (elektron emissiya -  bərk cisim və ya mayelərdən elektronların buraxılması) ilə bağlı maraqlı faktları təqdim edib. Onun sözlərinə görə, Macbook Pro 15 düym ölçülü bir noutbukun istehsalı və sonrakı istifadəsi zamanı ətraf mühitə 690 kq karbondioksid (CO2) buraxılır. Google-da bir axtarış sorğusu ətraf mühitə 7 qram karbon qazının emissiyasına səbəb olur.  Gün ərzində isə belə axtarışların sayı yüz milyonlarla ölçülür. “Gmail” poçt xidməti istifadəçisinin hər birinə görə atmosferə hər il təxminən 1,2 kq karbondioksid buraxılır. “Facebook” istifadəçisinin hər birindən ekologiyaya dəyən zərər isə 269 qram CO2 qazı ilə qiymətləndirilir. O.Mehdiyev dünyada istixana qazları tullantılarının 2 faizinin məlumat emalı mərkəzlərinin payına düşdüyünü qeyd edib.

Məruzəçi yaşıl İT sahəsində mühüm irəliləyişlərin əldə olunması üçün zəruri tədbirlərdən danışıb. Onun sözlərinə görə, kompüter və periferiya qurğularında enerji istehlakının  minimuma endirilməsi, yararsız və ya köhnəlmiş elektron avadanlıqlarının ekoloji cəhətdən təmiz usullarla təkrar emalı, kompüter, server, printer və digər   rəqəmsal qurğular üçün yeni, enerjiyə qənaət edən  texnologiyaların işlənib hazırlanması, ətraf mühitə təsirinin azaldılması məqsədi ilə kompüter sistemlərinin və iri qovşaqların istehlsalında məsrəflərin minimuma endirilməsi problemin həllində vacib amillərdəndir.

Bu sahədə dünya təcrübəsindən də danışan O.Mehdiyev ABŞ və Avropa ölkələrində məhsullara vurulan nişanlardan söz açıb.  İT məhsullarının ekoloji meyarlar üzrə təsnifatı olan EPEAT (Electronic Product Environmental Assessment Tool),  EU Energy Label  nişanları haqqında məlumat verib. O, dünyada ilk ekoloji Der Blaue Engell (mavi mələk) nişanının 1978-ci ildən Almaniyada məişət, ofis, elektronika cihazlarında tətbiq olunduğunu bildirib.

Yaşıl İT mədəniyyətinin formalaşması məsələsinə də toxunan O.Mehdiyev hər il dünyada ofislərdə  istifadə olunan kağızın  istehsalı üçün 768 mln. ağac kəsildiyini bildirərək, qənaətcil çap  və axtarış proqramlarının üstünlüklərini qeyd edib. Bulud texnologiyaları, təkrar emal, enerjinin idarə olunması, virtuallaşma, telekomunikasiya (distant tədris, video konfrans) kimi yaşıl İT təşəbbüslərindən söz açaraq, təkcə ABŞ-da bulud texnologiyalarına keçidin İT sahəsində enerji tələbatını 87% azaldacağını söyləyib.

Məruzəçi yaşıl data mərkəzlərinin konsepsiyası haqqında məlumat verib, həmçinin yaşıl İT biliklərin tədrisinın zəruriliyini vurğulayıb.

Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu üzrə ətraflı müzakirələr aparılıb. Mühüm elmi nəticələrin əldə olunması üçün daha dərin araşdırmaların aparılması tövsiyə olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.