Elektron elm alimlərin birgə səmərəli fəaliyyətini təmin edir

16 Oktyabr 2015 - 09:13 | Konfranslar, İclaslar
Elektron elm alimlərin birgə səmərəli fəaliyyətini təmin edir

Elektron elm ölkədə elmi qurumların fəaliyyətinin səmərəliliyini yüksəltmək və vahid onlayn elmi infrastrukturun formalaşdırılması məqsədini daşıyır. Nəticədə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi təşkilat və alimlərin virtual məkanda birgə fəaliyyəti təmin olunur.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında institutun şöbə müdiri Təhmasib Fətəliyev “Elektron elm: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış edərkən bildirib. O, elmi fəaliyyət və idarəetmədə İKT-nin geniş tətbiqi, bu sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də İKT üzrə peşəkar kadr hazırlığının e-elmin mühüm vəzifələrindən olduğunu qeyd edib.

Şöbə müdiri e-elmin formalaşdırılması və inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyindən söz açıb. ABŞ, İngiltərə, Yaponiya, Rusiya və digər ölkələrdə bu istiqamətdə bir sıra infrastruktur və qrid layihələrin (ing. grid – şəbəkə) həyata keçirildiyini diqqətə çatdırıb.

T.Fətəliyev İnformasiya cəmiyyəti məsələləri üzrə Dünya Sammitinin Fəaliyyət Planında (Tunis, 2005) e-hökumət, e-elm, e-təhsil, e-səhiyyə kimi istiqamətlərin qeyd olunduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatı, Elmi Birliklərin Beynəlxalq Şurası, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Beynəlxalq Elmi-Texniki Mərkəz və digər qurumların e-elmə dəstək verən beynəlxalq təşkilatlardan olduğunu söyləyib.

Hazırda e-elmin inkişaf etdirilməsinin prioritet məsələ olduğunu deyən şöbə müdiri son illər ölkədə bu istiqamətdə sistemli fəaliyyətin aparıldığını bildirib: “Bu baxımdan AR Prezidenti tərəfindən təsdiq edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramı, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, o cümlədən AMEA Rəyasət Heyətinin “E-elm layihəsinin işlənməsi və reallaşdırılması” adlı qərarı, həyata keçirilən genişmiqyaslı tədbirlər qeyd edilə bilər”.

Məruzəçi respublikanın elmi qurumlarının AzScienceNet elm kompüter şəbəkəsi ilə tam əhatə edilməsinin nəzərdə tutulduğunu, onlayn mühit əsasında yeni elmi münasibətlərin yaradılması istiqamətində bir sıra işlərin görüldüyünü söyləyib. O, həmçinin e-elmin şəbəkə platforması olan AzScienceNet-in fəaliyyəti, e-elmin inkişafının yeni mərhələsi olan vətəndaş elmi, qrid texnologiyaları, elmi sahələrin informasiyalaşdırılması haqqında məlumat verib.

Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.