Bakıda oktyabrın 28-də bulud texnologiyaları və virtuallaşma mövzusunda "VMware Tour 2015" konfransı keçiriləcək. Tədbir çərçivəsində iştirakçılar İT infrastrukturun yeni imkanları haqda məlumatlar əldə edəcəklər.
Qeyd edək ki, "VMware Tour" konfransları artıq dörd ildir ki, Rusiyanın və MDB-nin ən iri şəhərlərində keçirilir. Bu konfranslarda hər il minlərlə İT-mütəxəssisi, vendor, sifarişçi və tərəfdaş iştirak edir.
Bakıda keçiriləcək "VMware Tour"un iştirakçıları virtuallaşma və bulud hesablamaları sahəsində aparıcı texnologiya və yeni məhsullarla tanış olma imkanı əldə edəcəklər. İştirakçılar istənilən qurğuda istənilən əlavə üçün vahid buluddan istifadəni nəzərdə tutan yeni "One Cloud, Any Application on Any Device" konsepsiyası haqqında məlumat alacaqlar.
Tədbirdə "VMware" şirkətinin Rusiya və MDB üzrə texniki direktoru Vladimir Tkaçov, şirkətin bulud texnologiyalarının inkişafı üzrə meneceri Aleksandr Kuznetsov məruzə ilə çıxış edəcəklər.
Konfransda iştirak etmək üçün vtrussia.ru saytında qeydiyyatdan keçmək lazımdır.