E–tullantı problemləri üzrə araşdırmalar davam etdiriləcək

24 Yanvar 2014 - 15:00 | Konfranslar, İclaslar
E–tullantı problemləri üzrə araşdırmalar davam etdiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında çıxış edən texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev rəhbərlik etdiyi şöbənin cari il üçün fəaliyyət planını diqqətə çatdırıb. Bildirib ki, bu il şöbədə 3 elmi istiqamət, 3 problem, 4 mövzu, 8 iş üzrə araşdırmaların aparılması planlaşdırılır. Buraya ümumi istifadəli audioinformasiya şəbəkələrində nitq tranzaksiyalarının qorunması metodları, audiobazalardan operativ idarəedici qərarların qəbulu üçün verilənlərin aşkarlanması metod və alqoritmlərinin işlənməsi, paylanmış audioinformasiya şəbəkələri üzərində multimedia servislərinin sintezi və analizi problemlərinin tədqiqi, Azərbaycanda e-tullantılar problemlərinin həlli məqsədilə çərçivə konsepsiyasının işlənməsi və s. kimi mövzular üzrə elmi-tədqiqat işləri daxildir. 

B.Ağayevin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində şöbədə “Neft-qaz sahələrinin operativ-dispetçer idarəetmə kompleksləri üçün dispetçer danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sisteminin yaradılması” mövzusunda qrant layihəsinin hazırlanması planlaşdırılır. 

Qeyd etdi ki, araşdırmaların nəticələri üzrə 4 elmi-texniki konfransda məruzələrin edilməsi, nüfuzlu yerli və xarici jurnallarda məqalələrin dərci və görülən işlərin KİV-də təbliği nəzərdə tutulur. 

Həmçinin şöbə, cari ildə müvafiq sahələrdə ölkədaxili və beynəlxalq elmi-texniki əlaqələri genişləndirmək, gənc kadrların şöbəyə cəlb edilməsi ilə bağlı məqsədyönlü işlər həyata keçirmək niyyətindədir. 

Plan Elmi şura üzvləri tərəfindən müzakirə edilərək qəbul olundu.