İKT-nin tətbiqinin vüsət aldığı dövrdə müxtəlif fəaliyyət sahələrində proqram təminatına olan tələbat getdikcə artır. Proqramla idarə edilən sistemlər dünyada əksər sahələrdə artıq geniş tətbiq edilir. Bütün bu prosesler Azərbaycanda da bu sahənin inkişafı üçün lazımi mühitin yaradılması, proqram mühəndisliyi sənayesinin formalaşmasını, o cümlədən bu fənnin tədrisini şərtləndirir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi fənninin təhsil sistemində tədrisi məsələlərinə həsr olunmuş elmi seminar keçirilib. “Proqram mühəndisliyi tədrisdə” mövzusunda məruzə ilə institutun böyük elmi işçisi Tamilla Bayramova çıxış edib. T.Bayramova tədris planının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən yeni fənlərin tədris proqramlarına daxil edilməsinin vacibliyini vurğulayıb. Sadə və mürəkkəb strukturlu proqram təminatının yaradılması ilə məşğul olan proqram mühəndisliyinin tədrisinin yüksək səviyyədə təşkilinin informasiya cəmiyyətinin tələblərindən olduğunu bildirib. Proqram mühəndisliyi tələblərinin, o cümlədən layihələrinin idarə edilməsi kimi problemlərə ali təhsil ocaqlarında önəm verilməsinin vacibliyini qeyd edib: “Tələbələrin proqramlaşdırmanı dərindən mənimsəməsi üçün praktiki məşğələlərə üstünlük verilməsi, layihələr üzrə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq əlaqələrinin yaradılması mühüm şərtlərdəndir”.
Məruzəçi həmçinin proqram mühəndisliyi üzrə Azərbaycan dilində kitab və digər nəşrlərin hazırlanması, İnternet-forumlar, sərgi və seminarların keçirilməsi, tədrisə yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Ali məktəblərin sənaye şirkətləri ilə birgə tələbə layihələri və yay məktəblərinin təşkilinin əhəmiyyətini də qeyd edən məruzəçi bu kimi tədbirlərin keçirilməsinin bu sahəyə marağı olan tələbələrin təcrübə əldə etməsinə şərait yaratdığını söyləyib, dünyada bu istiqamətdə görülən tədbirlərdən danışıb.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.